2060-cı ilə kimi Azərbaycan bankları tərəfindən yaşıl maliyyəyə 17.6 mlrd. dollar vəsait yönləndirilməlidir.
FED.az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumunda çıxışı zamanı Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.
O çıxışında bildirib ki, iqlim maliyyəsi axınları son on il ərzində yüksələn tepmlə artmaqdadır. Lakin bu həcm Paris Sazişinin məqsədlərinə çatmaq üçün tələb olunan səviyyədən çox geri qalır. Araşdırmalar göstərir ki, 2030-cu ilədək illik olaraq 8-9 trilyon ABŞ dolları, 2050-ci ilə qədər isə illik 10-11 trilyon ABŞ dolları iqlim maliyyəsi tələb olunur. Bu məbləğ “Net Sıfır” üçün ümumilikdə təxminən 270 trilyon ABŞ dolları təşkil edir. Müqayisə üçün, bu gün qlobal ÜDM isə təqribən 100 trilyon ABŞ dollarıdır. Bununla belə, izlənilən qlobal iqlim maliyyəsi ilk dəfə 2022-ci ildə 1 trilyon ABŞ dollarını ötüb və 1,3 trilyon ABŞ dollarına çatmışdır. Müxtəlif tədqiqatlar mövcud siyasətlərin davam etdiyi təqdirdə, istiləşmənin 3°C-ni aşacağını və bunun 2050-ci ilədək ÜDM-in ən azı 18%-i, 2100-cü ilə qədər isə 20%-i qədər makroiqtisadi itkilərə səbəb olacağını göstərir.
Məsələyə ölkə miqyasında baxdıqda isə Dünya Bankı Qrupunun İqlim və İnkişaf Hesabatında Azərbaycanın karbon emissiyalarını sürətlə azaltmaq üçün 2060-cı ilə qədər 44 milyard dollar məbləğində investisiyaya ehtiyac olduğu bildirilir. Bu investisiyaların əhəmiyyətli bir hissəsi özəl sektorun, eləcə də bank sektorunun iştirakı ilə - 60%-i hökumət və ictimai qurumlar tərəfindən, qalan 40%-i isə banklar tərəfindən maliyyələşdirilməsi təmin edilə bilər.
Bu çağırışların öhdəsindən gəlmək üçün həm dövlət sektoru, həm də özəl sektor tərəfindən investisiyaların cəlb edilməsinə dəstək verilməlidir. Dövlət və beynəlxalq maliyyə qurumları, eləcə də xarici investorlar ilə əməkdaşlıq gücləndirilməli, banklar tərəfindən yaşıl kreditlər və digər iqlim maliyyə alətləri təqdim edilməlidir. Yaşıl maliyyə üçün dövlət-özəl tərəfdaşlıqları genişlənməli, banklar yaşıl kreditlər və dayanıqlı maliyyə alətləri ilə bazara dəstək verməlidir.
Bir az əvvəl qeyd etdiyim kimi, gələcək 36 il ərzində banklar tərəfindən yaşıl maliyyəyə yönləndirilməsi məqsədə uyğun hesab edilən həcm 17.6 mlrd. dollardır. Yəni növbəti dövrdə təqribən bank sektorumuz hazırkı kredit portfeli böyüklüyündə vəsaiti sırf yaşıl layihələrə yönləndirməlidir – bu, olduqca böyük bir çağırışdır. Beynəlxalq təcrübədə çıxış yolu kimi bankların yönələ biləcəyi müxtəlif alətlər mövcuddur:
- Dövlət dəstəyi. Bu istiqamətdə görülən işlərdə dövlət dəstəyi istisnasız ən əhəmiyyətli amillərdəndir. Həm dövlət fondlarının dəstəyi, həm qanunvericilik, həm də requlyator tərəfindən edilən tənzimləyici yumşaltmalar təşviqedici amil olmaqla yanaşı banklar üçün əlavə sərbəst vəsait yaradır və ya birbaşa bu vəsaiti onlara verir. Azərbaycanda prioritet istiqamətlərin maliyyələşdirilməsində dövlət dəstəyi üzrə uğurlu təcrübəni hamımız görürük və bu təcrübəni yaşıl maliyyələşməyə də tətbiq edə bilərik. Bəzi ölkələrin təcrübələrində dövlət qurumları və ya agentliklərinin, eləcə də qeyri-hökümət təşkilatlarının sırf bu məqsədə xidmət edəcək yaşıl banklar təsis etdiklərini də görürük. Azərbaycan üçün isə bu yolda banklara dəstək olacaq yeni bir fondun yaradılması və ya bu rolun cari fondların birinə həvalə edilməsi dayanıqlı maliyyələşmə üçün həlledici addımlardan biri ola bilər.
- Beynəlxalq maliyyə qurumlarının dəstəyi də vacib amillərdəndir. Dünya praktikasında bu kanala tez-tez müraciət edilir. Azərbaycan bankları Beynəlxalq Maliyyə Korporasiyası və Avropa Yenidənqurma və İnkişaf Bankı kimi beynəlxalq maliyyə qurumlarından pərakəndə, xüsusən kiçik və orta sahibarlıqla məşğul olan müştəriləri əhatə etmək üçün ekoloji kredit xətləri almışdırlar. Bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi maliyyələşmə imkanlarını artırmaq üçün olduqca əlverişli ola bilər.
- Kapital bazarları: Banklar üçün digər bir maliyyə mənbəyi isə yaşıl istiqrazlar (green bonds) ola bilər. Bu istiqrazlar vasitəsi ilə ekoloji layihələrə sərmayə qoymaq istəyən investorlar üçün də əlavə imkanlar yaradıla bilər.
ABA olaraq, bu istiqamətdə işləri aktiv olaraq davam etidirir və bankalrın birgə addımlar ataraq sektor çərçivəsindəki əməkdaşlığı təmin edirik. ABA nəzdində bu kimi əməkdaşlıqları təmin etmək üçün müxtəlif istiqamətlərdə daimi ekspert qrupları yaradılır. “ESG və Dayanıqlı Bankçılıq” Ekspert Qrupu bu mövzuya xidmət etmək üçün yaradılmış ən yeni qrupdur. Həmçinin ən fəal qruplardan biri olaraq, Dayanıqlı Bankçılıq mövzusunda mütəmadi təkliflər hazırlayır və görüşlər təşkil edir. Qrupun ümumilikdə 30-a yaxın müxtəlif istiqamətləri (beynəlxalq, ölkədaxili və qrupdaxili) əhatə edən fəaliyyəti olmuşdur.
Dayanıqlı Bankçılıq mövzusunda atılmış addımlardan biri ABA-nın ESG strategiyasının hazırlanması idi. Strayegiya 2024-2030-cu illəri əhatə etməklə, üç əsas məqsəd (Dayanıqlı maliyyə imkanlarını artırılması, ESG məlumatlılığını artırılması, ESG imkanlarını təkmilləşdirilməsi) üzərində qurulub. Bu məqsədlərə çatmaq üçün ümumilikdə 10 təşəbbüs müəyyənləşdirilib. Bura Banklarda dayanıqlı məhsulların təkmilləşdirilməsi, Təcrübə mübadiləsi fəaliyyətlərinin gücləndirilməsi, ESG məlumatlılıq kampaniyalarının inkişaf etdirilməsi, İnsan kapitalının inkişafı, Bank sektorunda rəqəmsallaşma səviyyəsinin artırılması kimi təşəbbüslər daxildir.
ESG strategiyasının uğurla həyata keçirilməsi üçün təşəbbüslərə xidmət edən 97 strateji tapşırıq müəyyən edilib. Bu tapşırıqlar, hər bir təşəbbüs üçün konkret addımları və nailiyyətləri müəyyənləşdirir, həmçinin bank sektorunda ESG-nin tam inteqrasiyasını dəstəkləyir. Əsas göstərici və Startegiyanın uğurlu icrasının nəticəsi olaraq ABA Bank sektorunda 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35% azaltmağı qarşısına məqsəd qoyub. Bu addım Azərbaycan hökumətinin iqlim hədəflərinə dəstək verir və bank sektorunun ekoloji məsuliyyətini gücləndirir.
Bununla yanaşı ESG strategiyasının irəliləyişini ölçmək üçün 18 fərqli metrikdən istifadə edilir ki, bura Dayanıqlı layihələrə sərmayə: Bank sektoru tərəfindən sözügedən layihələr üçün maliyyə vəsaitlərinin ayrılması, verilmiş dayanıqlı kreditlərin ümumi sayı, buraxılmış yaşıl istiqrazların məbləği, ağac əkmə təşəbbüsü, ESG hesabatını təqdim edən üzvlərin faizi və ESG məlumatlarını açıqlayan üzvlərin faizi kimi göstəricilər daxildir ki, bu da ESG strategiyasının konkret və ölçülə bilən nəticələrə yönəldiyini göstərmək üçün əhəmiyyətlidir.
Azərbaycan hökuməti iqlim dəyişikliyinə qarşı mübarizə və dayanıqlı inkişaf hədəfləri çərçivəsində Paris Sazişi və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (SDG) kimi beynəlxalq sazişlərə uyğun olaraq ciddi addımlar atır. Bu hədəflər, əsasən, istixana qazı emissiyalarının azaldılması, enerji sektorunun dekarbonizasiyası, təmiz texnologiyaların təşviqi və yenilənə bilən enerji mənbələrinin istifadəsi kimi sahələri əhatə edir.
Bank sektoru isə bu hədəflərin reallaşmasında mühüm tərəfdaş kimi çıxış edir. Azərbaycan Banklar Assosiasiyasının (ABA) ESG strategiyası çərçivəsində nəzərdə tutulan təşəbbüslər, bank sektorunun ekoloji məsuliyyətini gücləndirərək bu hədəflərə dəstək verir.
Bu təşəbbüslər, bir tərəfdən, Azərbaycan banklarının qlobal iqlim hədəflərinə uyğun fəaliyyət göstərməsini təmin edir, digər tərəfdən isə, iqtisadiyyatda ekoloji məsuliyyəti və davamlılığı təşviq edir. Nəticədə, banklar yalnız maliyyə institutları kimi deyil, həm də ölkənin dayanıqlı və aşağı karbonlu inkişafına töhfə verən mühüm oyunçulara çevrilir.