Aydın və parlaq gələcəyə açılan qapıların açarının savadlı və xoşbəxt uşaqların əlində olduğuna inanan və bu məqsəd uğrunda Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində bir çox layihələrə imza atan Bank of Baku, 2017-ci ildən etibarən hər il silsilə olaraq icra etdiyi “Onlar Sevinsin” layihəsinin 5-ci ilini də bu il uğurla həyata keçirdi.
FED.az xəbər verir ki, missiyasına sadiq qalan Bank of Baku-nun əməkdaşları bu dəfə qədim mədəniyyətin beşiyi, qəhrəmanlar diyarı Gəncə şəhərinə və Göygöl rayonuna səfər etdilər. Canını vətən uğrunda fəda edən şəhidlərimizin əmanətlərinə, yadigarlarına baş çəkərək, baxışlarına qüruru, qəlbinə valideyn həsrətini həkk edən övladlarına və aztəminatlı ailələrin uşaqlarına – ümumilikdə 100 nəfər məktəbliyə sevgi dolu çantalarını pay etdilər.
“Onlar Sevinsin” layihəsinin əsas məqsədi yeni dərs ili öncəsi ucqar rayon və kəndlərdə yaşayan aztəminatlı və şəhid ailələrinin övladlarını, fiziki məhdudiyyəti olan şagirdləri məktəbli çantası və ləvazimatları ilə təmin edərək, onların təhsillərinə dəstək olmaqdır.
Qeyd edək ki, “Onlar Sevinsin” layihəsinin 5 illik icrası dövründə Bank of Baku-nun əməkdaşları Lerikin Andurma, Qubanın Qalaxudat, Şəkinin Təpəcənnət kəndinə, Şirvan şəhərinə, Xaçmaz rayonuna və həmin rayonun Seyidlər və Hacıqurbanova kəndinə, Tovuzun Ağdam kəndinə, Gəncə şəhərinə və Göygöl rayonuna səfər edərək, ümumilikdə 600 nəfərə yaxın məktəblinin sevincinə səbəb olmuş və təhsillərinə töhfə vermişdir.
“Onlar Sevinsin” layihəsinin 5 il ərzində keçdiyi yolları əks etdirən video çarxlarla aşağıdan tanış ola bilərsiniz:
- #OnlarSevinsin 2021 - http://y2u.be/0KuR9In7HvE
- #OnlarSevinsin 2020 - http://y2u.be/2BJqygD9Wto
- #OnlarSevinsin 2019 - http://y2u.be/PBF8QqvKILA
- #OnlarSevinsin 2018 - http://y2u.be/LySjfG_bOuw
- #OnlarSevinsin 2017 - http://y2u.be/GNzKEej2Kk8
Daha ətraflı:
145 Məlumat Mərkəzi