Azərbaycanın bank sektorunun lideri, ölkənin ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı (ABB Bank) 2026-cı ilin birinci yarısını uğurla tamamlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Bankın açıqladığı maliyyə göstəricilərinə əsasən xəbər verir ki, ilin ilk yarısında bank sürətlə böyüyüb, gəlirləri və mənfəəti kəskin artıb. Beləliklə,
Faiz gəlirlərində kəskin artım
İlk yarım il ərzində ABB Bank 613,2 milyon manat faiz gəliri əldə edib. Bankın faiz gəlirləri ötən ilin ilk yarısı ilə müqayisədə 81,5 milyon manat və ya 15,3% artıb. Belə ki, ötən il bu göstəri 531,7 milyon manat olmuşdu.
Faiz gəlirlərinin 78,5%-i və ya 481,6 milyon manatı kredit portfelindən əldə edilən faiz gəlirləridir. ABB son bir ildə bu göstərnicini 87,3 milyon manat və ya 22% artırmağı bacarıb.
Bundan başqa, Bank qiymətli kağızlardan 85 milyon manat, başqa banklardakı depozitlərdən 12 milyon manat gəlir əldə edib. Digər faiz gəlirləri qismində isə ABB 33,2 milyon manat əldə edib.
Əmanətçilərə 160 milyon manata yaxın faiz ödəyib
Hesabat dövründə ABB Bankın faiz xərcləri də kəskin artaraq 219,7 milyon manat olub. Bu ötən ilin eyni dövründən 38 milyon manat və ya 21% artıqdır.
İlk yarım ildə ABB Bank bankda əmanəti olan şəxslərə 159 milyon manat faiz gəliri ödəyib. Bu əvvəlki ildən 32 milyon manat artıqdır. Ümumiyyətlə ABB-nin bütün faiz xərclərinin 72%-i əmanət faizlərinə sərf edilib.
Eyni dövrdə ABB Bank Mərkəzi Bank qarşısında öhdəliklər üzrə 18 milyon manat faiz ödəyib. Cəlb edilmiş kreditlərə görə ödənilən faiz xərcləri isə 9.6 milyon manat olub. Yekunda bankın xalis faiz gəlirləri 382 milyon manatı keçib.
123 milyon manat əmək haqqı
İlin birinci yarısında ABB-nin qeyri-faiz gəlirləri də sürətli artıb – 91,2 milyon manat və ya 46% artımdan sonra qeyri faiz gəlirləri 290 milyon manatı keçib.
Qeyri-faiz gəlirlərinin 154,5 milyon manatı haqq və komissiya gəlirləridir - 29 milyon manat artıb. Bankın xarici valyuta əməliyyatlarından gəlirləri isə 39 milyon manat olub.
2026-cı ilin ilk yarısında ABB Bankın qeyri-faiz xərcləri 317 milyon manata yaxınlaşıb. Bu xərclər ötən illə müqayisədə 32 milyon manat (təxminən 11%) artıb. İlk 6 ayda ABB Bank əməkdaşların əmək haqqına 123 milyon manat sərf edib. Əməkhaqqı xərcləri 17,4 milyon manat (və ya 16,5%) artıb.
Ümumi və inzibati xərclərə 19 milyon manat (+14%), amortizasiya xərclərinə 14 milyon manat, digər xərclərə 160 milyon manat sərf edilib.
Əməliyyat mənfəətində 100 milyon manatlıq artım
Nəticədə ilk yarım ildə ABB-nin əməliyyat mənfəəti 355,7 milyon manat olub. Bu rəqəm 2025-ci illə müqayisədə 100 milyon manat artıqdır.
2-ci rübün sonuna ABB mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar 10 milyon manat azaldaraq 56 milyon manata endirib.
Səhmdarları sevindirən rəqəm - 250 milyon manat xalis mənfəət!
Nəticədə Bankın mənfəət vergisindən əvvəlki mənfəəti 299,6 milyon manat, mənfəət vergisi xərci 49 milyon manat təşkil edib.
Yekunda ABB bu ilin birinci yarısında 250 milyon 556 min manat xalis mənfəət əldə edib. Bu, ötən ilin birinci yarısındakı xalis mənfəətdən 95 milyon 84 min manat və ya 61,2% daha çoxdur. Belə ki, ABB Bank 2025-ci ilin birinci yarısında 155 milyon 472 min manat xalis mənfəət əldə etmişdi.
Qeyd edək ki, bankın böyük mənfəətə çıxması təkcə ABB-nin iri səhmdarlarını deyil, eləcə də ötən il onun səhmlərinə sahib olmuş milyonlarla kiçik səhmdarın da qazancının artması deməkdir.
15 milyard manatlıq hədd keçildi
2026-cı ilin birinci yarısında ABB sürətli böyüməni davmm etdirib. İlin ilk yarısında ABB-nin cəmi aktivləri 15,3 milyard manat olub. Bu, ötən ilin sonuna nəzərən 1,7 milyard manat və ya 12% çoxdur.
Kredit portfeli bütün istiqaiətlərdə artır:
Aktivlərin yarısını – 7,6 milyard manatı kredit portfeli təşkil edir, yeri gəlmişkən, 6 ayda kredit portfeli 522 milyon manat böyüyüb.
Kredit portfeli bütün seqmentlərdə böyüyüb: istehlak kreditləri 2 milyard 160 milyon manat (+8,9%), biznes kreditləri 3 milyard 665 min manat (+3,45), daşınmaz əmlak kreditləri 1 milyard 778 min manat (+14,6%) təşkil edib.
3,4 milyard manat nağd pul vəsaiti
Hesabat dövrünün sonuna ABB-nin nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərinin həcmi 3,4 milyard manata yüksəlib. Son altı ayda bu rəqəm 932 milyon manat və ya 37% artıb. Daha 2 milyard 840 milyon manat isə qiymətli kağızlarda saxlanılır.
Hazırda ABB-nin digər banklar və maliyyə institutlarında 1,2 milyard manat depoziti var. Bu rəqəm son yarım ildə 712 milyon manat və ya 2,5 dəfə artıb.
Bankın əmlak və avadanlıqlardakı aktivlərinin həcmi 20% artaraq 254 milyon manatı keçib.
Depozit portfeli 9,3 milyard manata yüksəlib
Bankın böyüməsi və fəaliyyəti onun öhdəliklərinin vəziyyətindən də hiss olunur. Bu ilin birinci yarısının sonunda ABB-nin cəmi öhdəliklərinin həcmi 13 milyard manatı keçib. İlin əvvəlindən bəri bu rəqəm 1,7 milyard manat və ya 14% artıb.
Öhdəliklərin 71%-ini və ya 9,3 milyard manatını depozitlər təşkil edir. Depozitlərin həcmi son altı ayda 364 milyon manat və ya 4,1% artıb.
Fiziki şəxslərin depozitləri təqribən yarım milyard manat artaraq 3,9 milyard manata, hüquqi şəxslərin depozitləri isə 5,4 milyard manata çatıb.
Digər öhdəliklərdə kəskin artım
Hazırda ABB-nin Mərkəzi Bank qarşısında öhdəlikləri 488 milyon manat, digər kredit təşkilatları qarşısında öhdəlikləri isə 2,14 milyard manat olub. Sonuncu rəqəm, 6 ayda 809 milyon manat və ya 61% artıb.
Nəhayət, ABB-nin istiqraz buraxılışı ilə əlaqədar olaraq borc qiymətli kağızları üzrə öhdəliklər 30 milyon manat (30%) artaraq 130 milyon manata çatıb.
Bankın cəmi kapitalı isə 2 milyard 232 milyon manata bərabər olub, bu ilin əvvəlndən bəri 27 milyon manat artım deməkdir.







![[red]Ölkənin ən böyük bankından – Ən böyük mənfəət: 250 milyon manat! - HESABAT[/red] | FED.az](upload/news/small/4246360.jpg)
![[red]Ölkənin ən böyük bankından – Ən böyük mənfəət: 250 milyon manat! - HESABAT[/red] | FED.az](upload/news/small/3482420.jpeg)
![[red]Ölkənin ən böyük bankından – Ən böyük mənfəət: 250 milyon manat! - HESABAT[/red] | FED.az](upload/news/small/1123842.jpeg)










