Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin 2 oktyabr 2020-ci il tarixli qərarı ilə Assosiasiyaya üzv banklar orduya və cəbhə bölgəsində yaşayan vətəndaşlara dəstək aksiyasına start verib və 5 oktyabr 2020 ci il tarixinə banklar tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna ümumilikdə altı milyon manata yaxın vəsait köçürüblər.
Eləcə də bax: Elman Rüstəmov bir aylıq maaşını Silahlı Qüvvələrə keçirib
Bu barədə ABA-dan FED.az-a verilən məlumatda bildirilir ki, ölkənin bank icması bütün resursları ilə dövlətin və ölkə rəhbərliyinin yanındadır. “Əminik ki, Ali Baş Komandanın əmri ilə hərəkətə keçmiş şanlı ordumuz tez bir zamanda torpaqlarımızı mənfur düşmənlərdən birdəfəlik təmizləyərək regionda sülhün və dirçəlişin əsasını qoyacaq, cəmiyyətimizin birliyi və dəstəyi ilə xalqımız bu sınaqdan da şərəflə çıxacaq və gələcək nəsillərə xoşbəxt günlər bəxş edəcəkdir”-deyə ABA-nın açıqlamasında bildirilir.
Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.