Ötən il “Nikoyl” ASC İnvestisiya Kommersiya Bankının səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.
FED.az xəbər verir ki, “Topaz Investments Limited” şirkəti Bankda payını 1,32 faiz bəndi artıraraq 93.16%-ə çatdırıb. 2016-cı ilin sonunda şirkətin Bankda 91.84% payı var idi.
Bankın səhmdarlarından “Nikoyl” QSC 7.97% olmuş payını satıb. Payın əsas hissəsi Marina Kulişova tərəfindən alınıb. O, ötən ildən 6.68%-lik payla Bankın yeni səhmdarıdır. Kulişova Marina Valeryevna Bankın Müşahidə Şurasının sədridir.
Eləcə də bax: Daha bir bank güzəştli kreditlər verəcək
Ötən il “ISR Holding” MMC-nin payı isə 0.19%-dən 0.16%-ə düşüb.
“Nikoyl” Bankın ana şirkəti “Topaz Investment Limited” MMC-dir. Banka birbaşa olaraq fiziki şəxs Vahid Ələkbərov nəzarət edir.
2017-ci ildə “Nikoyl Bank”ın nizamnamə kapitalı 35,5 milyon manat artırılaraq 220 milyon manmata qaldırılmışdır. 2018-ci ilin 1-ci rübündə isə Bankın nizamnamə kapitalı daha 25 milyon manat artırılaraq 245 milyon manata çatdırılıb. Bankın saytında verilən son məlumata görə, "Topaz Investments" QSC 93.16%, fiziki şəxslər 6.68% və İSR Holding 0.16% paya malikdir.
“Ülpər” SCB 1994-cü ildə Azərbaycan Respublikasında yaradılmış və 1994-cü ildə verilmiş 203 nömrəli ümumi bank lisenziyasına malik olmuşdur. 2002-ci ildə “Nikoyl” Qapalı Səhmdar Cəmiyyəti və “Lukoil Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Bankda nəzarət payları almış və Bankın adı “Nikoyl” ASC İnvestisiya Kommersiya Bankına dəyişdirilmişdir. Bank 2 may 2002-ci ildən etibarən Azərbaycan Respublikasının Mərkəzi Bankı (“ARMB”) tərəfindən verilmiş 203 nömrəli tam bank lisenziyası əsasında fəaliyyətə başlamışdır. 2008-ci ilin iyul ayında “Topaz Investments” MMC Bankda nəzarət payı almışdır.