Moody’s Investors Service beynəlxalq reytinq agentliyi ASC “Xalq” Bankının 2023-cü ilin ilk 9 ayı üzrə fəaliyyətinin nəticələrini təhlil edib, Bankın reytinqlər üzrə proqnozunu yüksəldərək “Pozitiv” olaraq qiymətləndirib.
FED.az xəbər verir ki, agentlik Xalq Bankın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə reytinqini B1 səviyyəsində təsdiqləyib.
Reytinq agentliyi Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) B2 səviyyəsində, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent risk reytinqini (CR Assessments) Ba3/NP səviyyəsində təsdiqləyib.
Moody’s ekspertləri Xalq Bankın reytinq üzrə proqnozunun “Pozitiv” olaraq qiymətləndirilməsini maliyyə qurumunun aktivlərinin yüksək keyfiyyəti və gəlirliliyin artması, kredit konsentrasiyasının azalması və sağlam kapital adekvatlığı ilə əlaqələndirir. Xatırladaq ki, 2023-cü ilin III rübünün yekunlarına əsasən Bankın aktivləri ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 14.9% artaraq 3,0 mlrd manata yaxınlaşmışdır.
Bankın uzunmüddətli depozit reytinqləri üzrə «müsbət» proqnoz müstəqil kredit portfelinin və xüsusilə də aktivlərin keyfiyyət və gəlirliliyinin növbəti 12-18 ay ərzində daha da yaxşılaşacağı gözləntilərini əks etdirir. Agentlik bildirir ki, son illər ərzində Xalq Bank problemli kreditlərin payını əhəmiyyətli dərəcədə azaldıb və Bankın kredit portfelinin keyfiyyəti yüksəlib.
Moody's bildirir ki, Bankın xalis gəlir marjası (NIM) 2021-ci ildəki 3,3%-dən 2022-ci ildə 4,0%-ə yüksəlib. Agentliyin ekspertləri kredit portfelinin həcminin çoxalması fonunda bu göstəricinin yenə artaraq Bankın onsuz da güclü maliyyə nəticələrini daha da dəstəkləyəcəyini proqnoz edir. Həmçinin, Moody's növbəti 12-18 ay ərzində Bankın maddi aktivlər üzrə gəlirliliyinin (ROA) 1,5-1,7%-ə qədər güclənəcəyini gözləyir.
Xatırladaq ki, Xalq Bank Moody`s Investors Service beynəlxalq reytinq agentliyi ilə 2011-ci ildən əməkdaşlıq edir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Məlumat mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.