Azərbaycanda əksər hallarda qadınların hesablarından pul oğurlanır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentin direktoru Elnur Eyvazlı Bakıda keçirilən “Süni İntellekt Əsrində Maliyyə Kibertəhlükəsizliyinin Gələcəyi” adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, həyata keçirilən tədbirlərin nəticəsində, hesabların ələ keçirilməsi (account takeover) hallarının sayında azalma müşahidə olunur. Bununla yanaşı, maarifləndirmə istiqamətində əlavə dəstəyə ehtiyac var: "Statistika göstərir ki, dələduzluq qurbanları arasında daha çox qadınlar, xüsusilə də yaşlı nəslin nümayəndələri üstünlük təşkil edir. Təəssüf ki, maliyyə vəsaitlərinin oğurlanması hallarında bu tendensiya özünü açıq şəkildə göstərir. Bütün insidentlər üzrə təhlil aparır, baş verən hadisələrdən çıxarılan nəticələri (lessons learned) qiymətləndirir və bu halların səbəblərini araşdıraraq tənzimləmə mexanizmlərini daha da təkmilləşdiririk".














