Azərbaycanda bank xidmətinin istifadəçilərinin, o cümlədən bankdan kredit götürənlərmin sayı hər il artsa da, hələ də kredit müqaviləsi ilə bağlı əhalinin bilmədiyi çorxsaylı məqamlar var.
Eləcə də bax: «Zamin durmasan, pulu yenə sən ödəyəcəksən» - KREDİT ƏHVALATI
FED.az xəbər verir ki, bunların bir hissəsi kredit zaminlərinə aiddir.
FED.az İqtisadi İslahatların Təhlili və Kommaunikasiya Mərkəzinin analitiki Məsumə Talıbova ilə kredit müqavilələrində zaminin hüquq və öhdəlikləri ilə bağlı maarifləndirici müsahibəni təqdim edir.
- Zamin kimə deyilir?
- Zamin əsasən istehlak kreditlərində borcalanın borcu ödəyə bilmədiyi təqdirdə onun bu öhdəliyinin ötürüldüyü şəxsdir. Yəni zamin qismində çıxış edən şəxsi bir növ öhdəlik üzrə borcalan şəxsə şərik adlandıra bilərik. Zaminlik kreditorların risklərini azaltmaq üçün istifadə etdikləri təminat növüdür. Kredit təşkilatı kredit üçün müraciət edən şəxsə vəsaiti ayırmadan öncə həmin şəxsin bu borcu ödəyə bilmədiyi hallarda öhdəliyin hansı formada ödəniləcəyini nəzərdən keçirir. Belə hallarda risklərin azaldılması üçün əmlakın girov qoyulması, sığortaların tətbiqi və zamin qismində üçüncü şəxsin cəlb olunması kimi təminat növlərindən istifadə olunur. Bu təminat növlərindən ən çox maarifləndirmə aparılmasına ehtiyac olan isə məhz zaminlikdir. Belə ki, çox zaman zamin qismində çıxış edən şəxslər öz məsuliyyətlərini, üzərlərinə götürdükləri öhdəliyin mahiyyətini və risklərini bilmədən kredit müqavilələrini imzalayırlar və sonradan hər hansı bir problem yarandıqda onlar üçün bu vəziyyət gözlənilməz olur, bəzən hətta bu öhdəliklərin üstəsindən gəlməkdə aciz vəziyyətə düşürlər. Bu kimi halların qarşısını almaq üçün zamin kimi çıxış edəcək şəxs mütləq formada öz hüquq və öhdəliklərini öncədən bilməli, imzalayacağı bütün sənədlərin gələcəkdə onun üçün nə kimi öhdəliklər yaradacağını başa düşməli və buna hazır olmalıdır.
- Zaminin hüquq və öhdəlikləri
- Zamin artıq qeyd edildiyi kimi borc alan şəxsin öhdəliyinə şərikdir, yəni bu bir növ onun da öhdəliyidir. Borcalan krediti ödəmədiyi halda, qanunla zamin yerdə qalan məbləği faiz dərəcəsi ilə birgə ödəməlidir. Bundan başqa əgər borcalan ödəməni dayandırarsa hər gecikmiş günə görə bankın müəyyən etdiyi səviyyədə əlavə cərimə ödənişi də zaminin öhdəliyində hesab olunur. Əlbəttə bu öhdəliklər dərhal zaminin üzərinə keçirilmir. Müqavilə şərtlərinə əsasən qaydalar çərçivəsində müxtəlif tədbirlər görülür, ödəmələrin dayandırılmasının səbəbləri araşdırılır, mümkün çıxış yolları nəzərdən keçirilir. Belə hallarda borcalana müəyyən güzəştlər tətbiq oluna, eyni zamanda, kreditin restrukturizasiyası aparıla bilər. Bu kimi tədbirlərə baxmayaraq, borcalanın tamamən ödəmə qabiliyyətini itirdiyi təqdirdə isə zaminə müraciət olunur.
- Zamin götürülən kreditə görə hansı məsuliyyəti daşıyır?
- Zaminin məsuliyyəti iki formada ola bilər:
· Birgə məsuliyyət
· Subsidiar məsuliyyət
Zamin birgə məsuliyyət daşıyırsa, borcalan ödənişləri dayandırdıqda bank məhkəməyə müraciət etmədən krediti ödəmək tələbini birbaşa zaminə ünvanlaya bilər. Zamin subsidiar məsuliyyət daşıdıqda isə kredit təşkilatı tərəfindən öncə məhkəməyə müraciət olunmalı sonra isə məhkəmə qərarı ilə krediti ödəmək tələbi zaminə ünvanlanmalıdır.
Digər önəmli məsələ zaminin öz hüquqlarını bilməsidir. İlk başda zamin borcalanın maddi vəziyyətinə görə və ya öz şəxsi səbəblərinə görə kredit üzrə zamin olmaqdan imtina edə bilər. Yəni, bu öhdəlikləri öz üzərinə götürməyə razı olmamaq zaminin hüquqlarına daxildir. Bundan başqa, zaminin müqavilə şərtləri ilə tanış olduqda bu şərtlər onu qane etmədiyi təqdirdə müqaviləni imzalamamaq hüququ da var. Bu halda müqavilə şərtlərinə yenidən baxıla və ya umumən zaminlikdən imtina oluna bilər. Zamin qismində çıxış edən şəxslər adətən borcalana yaxın şəxslər olduğundan bu hüquqlarını istifadə etməkdən bəzən çəkinirlər. Lakin unutmaq lazım deyil ki, bu öhdəlik həm də onlara aiddir və kredit şərtlərini seçmək zaminin də haqqıdır. Bundan başqa, zamin borcalandan zaminlik xidmətinə görə muzd almaq hüququna da malikdir. Ölkəmizdə bu hüquqdan demək olar ki, çox az istifadə olunur. Zaminin risk premiumu olaraq müəyyən ödəniş tələb etməsi hüquqi olaraq dəstəklənir.
Zamin müqaviləni imzaladıqdan sonra da müəyyən hüquqlara malikdir. Belə ki, zamin borcalan krediti ödəmədiyi halda, kreditin ödənilməli hissəsi haqqında tam ətraflı məlumat ala bilər. Bu artıq onun da öhdəliyi olduğundan istənilən məlumatı tələb etmək hüququ var. Öhdəliklər zamin tərəfindən ödəndikdə isə onun ödənilmiş məbləği sonradan borcalandan tələb etmək hüququ da var. Belə ki, kreditorun həmin öhdəlik üzrə hüquqları zaminə kreditorun tələbini ödədiyi həcmdə keçir. Başqa sözlə borcalan 1000 manatlıq kreditin 500 manatını ödədikdən sonra yerdə qalan 500 manatını ödəyə bilmədikdə zamin bu məbləği ödəyir, Sonra isə ödədiyi məbləğ həcmində vəsaiti (yəni, 500 manat) borcalandan ala bilər. Borcalan artıq banka deyil zaminə 500 manat borclu olmuş olur. Zaminin borcalanla yaxın münasibətlərini nəzərə aldıqda zaminin bankla müqayisədə borcalanın maddi vəziyyətinin nə zaman yaxşılaşdığına dair daha dəqiq məlumatlar almaq imkanı çox ola bilər. Eyni zamanda, zamin qismində çıxış edən şəxs bu borcun ödənilməsinə dair daha yumşaq tələblər irəli sürə, tolerantlıq göstərə və ya tamamən bu borcu ona bağışlaya da bilər. Bu zaminin şəxsi qərarıdır. Zamin qismində çıxış edən çox insan sonradan ödədiyi məbləğlərin artıq geri qaytarılmayacağını düşünür və bu məbləği tələb etmək hüquqlarının olmasına dair məlumatsız olurlar. Önəmli məqam odur ki, zaminlər bu hüquqlarını bilsinlər. Sonda hansı yolu üstün tutmaları isə artıq öz könüllü seçimləri olacaqdır.
- Zamin müqaviləni imzaladıqdan sonra bu öhdəlikdən imtina edə bilərmi?
- Əgər borcalan dəyişmişsə və ya zamin yeni borcalan üçün cavabdeh olmaq barəsində kredit verənə razılıq verməmişsə bu öhdəlikdən imtina etmək hüququ var. Eyni zamanda, zaminin razılığı olmadan onun öhdəliyi dəyişdirildikdə və bu dəyişdirilmə müqavilə üzrə məsuliyyətin artırılmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda da zamin öhdəlikdən imtina edə bilər.
- Zamin qismində çıxış etməyə qərar verən şəxslərə nəyi tövsiyyə edərdiniz?
- Zamin öncə öz risklərini qiymətləndirməlidir. Müqavilə imzalamadan əvvəl zamin borcalanın gəlir və xərclərini diqqətlə öyrənməli, ödəmə qabiliyyətinin kredit müddəti və həcminə nə dərəcədə uyğun olduğunu təhlil etməlidir. Kreditorlar bu kimi məqamları analiz edir, lakin unutmaq lazım deyil ki, borcalandan sonra ikinci məsul şəxs zamindir, burada bankdan çox risk zaminin üzərindədir. Həmçinin, bankın risklərinin müqabilində faiz gəlirləri olduğu halda zaminin adətən heç bir qazancı olmur. Bütün bunları nəzərə alaraq zaminin ən az bank qədər riski var. Eyni zamanda, zamin öz ödəmə qabiliyyətini də nəzərə almalıdır. Belə ki, öhdəliklər zaminin üzərinə keçirildikdə bu ödənişləri artıq o ödəməli olacaq. Nəzərə alınmalıdır ki, borcalanın əvəzinə ödədiyi kredit ödənişlərində gecikməyə yol verirsə, bu zaminin şəxsi kredit tarixçəsini pisləşdirir.
Bundan başqa, zamin qismində çıxış edən şəxslərin dost və tanışlara zamin durması, onların gələcəkdə özləri üçün kredit götürmək və doğmaları üçün zamin durmaq imkanını məhdudlaşdırır və ya tamamən yox edir.
Bu baxımdan zamin durmadan öncə zaminliyin onların şəxsi maraqlarına nə dərəcədə uyğun olduğunu təhlil etmələrini tövsiyyə edərdim. Yəni zamin olaraq çıxış etməyə razı olduqları şəxslə olan münasibətlərini və üzərlərinə gtürdükləri öhdəlik və riskləri tərəzinin müxtəlif gözlərinə qoyaraq müqayisə etmələrini, bundan sonra artıq müvafiq qərar vermələrini məsləhət görərdim. Çünki kredit götürən şəxs riskin müqabilində pul vəsaitləri alır və öz ehtiyyaclarına uyğun bu vəsaiti istifadə edir. Zamin isə sadəcə öhdəliyə şərik olur. Zaminin tək qazancı zamini olduğu şəxsin rəğbətidir. Bu baxımdan zaminlər gələcək üçün ola biləcək qazanc və itkilərini analiz edib bu qərarı verməlidirlər.