Azərbaycanın bank sektorunun liderlərindən olan «Kapital Bank»da ilk dəfə olaraq müştəri müraciətlərinin süni intellekt vasitəsilə cavablandırılmasına başlanılıb.
“Kapital Bank” səhmdarlarına dividend ödəyəcək
FED.az xəbər verir ki, bu barədə «Kapital Bank»ın idarə heyətinin sədri Fərid Hüseynov «Linkedin» işgüzar şəbəkəsində paylaşım edib.
Süni intellekt bankın müştərilərinin müxtəlif mövzularda sorğularını asanlıqla cavablandırır. Qeyd edək ki, «Kapitalbank»da müştəri müraciətlərinin idarə olunmasında süni intellektin tətbiq olunduğunu F.Hüseynov hələ ötən ilin sonunda 2023-cü ilin nəticələrinə həsr olunan mətbuat konforansında açıqlamışdı.
Bank sədri bildirmişdi ki, süni intellektə əsaslanan bot hələlik sınaq mərhələsindədir. İndi isə «Kapital Bank» yeniliyin geniş tətbiqinə başlayıb.
Sədrin sözlərinə görə, süni intellektin tətbiqi müştəri müraciətlərinin sürətli və keyfiyyətlə cavablanmasına imkan verib.
«Bugün süni intellekt əsaslı texnologiyalar şirkətlərə müxtəlif istiqamətlərdə xidmət keyfiyyətini maksimallaşdırmaq üçün saysız imkanlar yaradır. Biz də bir neçə ildir ki, önəmli addımlar ataraq, süni intellekt əsaslı texnologiyalara investisiya edir, xidmət sahəsində tətbiq etdiyimiz innovasiyalarla seçilirik.
Belə ki, ötən ilin sonu süni intellekt ilə gücləndirilmiş zəng və "Çat" sorğu xidmətini müştərilərimizin istifadəsinə verdik».
Süni intellekt müştərilərə cəmi 1 saniyəyə cavab verir:
«Bu texnologiya sayəsində müraciət edən müştərilərimiz 1 saniyədən də az vaxtda sorğularına cavab alırlar. Bugünədək "Çat" sorğularının 53%-i insan köməyi olmadan həllini tapıb.
Müştəri sorğularına uyğun olaraq özünü təkmilləşdirən bu xidmətlə kart balansının və kredit borcunun yoxlanılması, yanlış PİN, 3D təhlükəsizlik kodu və bənzər hallara görə bloklanmış kartın blokdan azad edilməsi kimi əməliyyatları icra etmək mümkündür.
Əminəm ki, bütün bu təşəbbüslərimiz müştərilərimizə daha sürətli və keyfiyyətli xidməti təmin edəcək»-deyə «Kapital Bank»ın rəhbəri bildirir.