Azərbaycanın informasiya və rabitə xidmətləri sektoru üzə gəlirlərdə 2024-cü ildə xeyli artım olub.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatına görə, sektorun ümumi gəliri ötən illə müqayisədə 423,4 milyon manat (13,1%) artaraq 3 milyard 223 milyon manatdan 3 milyard 646 milyon manata yüksəlib. Bu artımda mobil rabitə, internet xidmətləri və proqram təminatı sahələri aparıcı rol oynayıb.
Sektorlar üzrə gəlirlərin həcminə baxdıqda mobil telefon rabitəsi ənənəvi olaraq ən böyük gəlir mənbəyi olmaqda davam edir. Bu sahədə gəlirlər 163,9 milyon manat (14,1%) artaraq 1 milyard 327 milyon manata çatıb.
İnternet xidmətlərinin göstərilməsi üzrə gəlirlər 106 milyon manat (29,1%) artaraq 364,9 milyon manatdan 471 milyon manata yüksəlib.
Proqram təminatının işlənməsi sahəsində gəlirlər 108,7 milyon manat (30,6%) artaraq 355,3 milyon manatdan 464 milyon manata çatıb.
Simli telekommunikasiya fəaliyyəti: Bu sahə isə faiz etibarilə ən kəskin artımı göstərib. Gəlirlər 3 dəfədən çox artaraq 13,4 milyon manatdan 41,2 milyon manata yüksəlib.
Bununla yanaşı, bəzi ənənəvi rabitə sahələrində geriləmə davam edir:
Şəhər-kənd telefon rabitəsində gəlirlər 15,7 milyon manat (20%) azalaraq 78,3 milyon manatdan 62,6 milyon manata düşüb.
Nəşriyyat fəaliyyəti sektorunda bu göstərici 5,4 milyon manat (15%) azalaraq 36,3 milyon manatdan 30,8 milyon manata enib.
Peyk rabitəsi və şəhərlərarası telefon rabitəsi kimi sahələrdə də gəlirlərdə azalma müşahidə olunub.
Qeyd edək ki, "sair telekommunikasiya fəaliyyəti" adı altında təsnifləndirilən gəlirlər də 50,4 milyon manat artaraq 463,6 milyon manata çatıb və bazarın əhəmiyyətli hissəsini təşkil edib.