2025-cü ilin I rübündə cəmi istehlak kreditləri, o cümlədən kredit kartları üzrə kredit standartlarında sərtləşmə davam edib.
FED.az xəbər verir ki, bu, Mərkəzi Bank tərəfindən 2025-ci ilin I rübü üzrə bank sektorunda kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələrində bildirilir.
İstehlak kreditləri üzrə standartlarda sərtləşmə əsasən kreditlərin maya dəyərinin və komissiya məbləğinin artımı formasında olub. Respondentlər növbəti rübdə ümumi istehlak kreditləri, o cümlədən kredit kartları üzrə standartlarda sərtləşmənin davam edəcəyini proqnozlaşdırırlar.
Respondentlər növbəti rübdə ümumi istehlak kreditləri, o cümlədən İKZF hesabına verilən kreditlər üzrə kredit standartlarında dəyişiklik olmayacağını gözləyirlər.
Qeyd edilib ki. sSorğu nəticələrinə əsasən, ümumi istehlak kreditlərinə, o cümlədən kredit kartlarına tələbdə dəyişiklik olmayıb. Banklar növbəti rübdə ümumi istehlak kreditləri üzrə tələbdə artım olacağını, bununla belə, kredit kartlarına tələbdə dəyişiklik olmayacağını proqnozlaşdırırlar.
Sorğu nəticələrinə əsasən, istehlak kreditləri üzrə maliyyələşmə dəyəri, kapital mövqeyi və əhalinin ödəmə qabiliyyətinə dair gözləntilər kredit standartlarına sərtləşdirici təsir göstərib. Bütövlükdə, sorğu nəticələrinə əsasən, bankların istehlak portfeli üzrə artım dinamikasının növbəti rüb də davam edəcəyi gözlənilir.
Kreditləşmə fəaliyyətinə dair sorğunun cari ilin I rüb üzrə nəticələrinə əsasən, respondent bankların 85 %-i əhalinin borclanma səviyyəsində dəyişiklik olmadığını, 15 %-i isə orta dərəcədə artım olduğunu bildirib. Nəticədə 2025-cü ilin I rübü üzrə diffuziya indeksi 8 % təşkil edib. Bu isə əhalinin borclanma səviyyəsində artım dinamikasının davam etdiyini göstərir.