Əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 10,3 faiz artaraq yanvar ayının 1-nə milli valyuta ekvivalentində 12 milyard 947,8 milyon manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Əmanətlərin 66,8 faizi yəni 8 milyard 646,1 milyon manatı milli, 33,2 faizi, yəni 4 milyard 301,7 milyon manatı xarici valyutada qoyulub. Milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,1 faiz artıb, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 6,6 faiz azalıb.
Yanvar ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 manata, 1 avroya 1,86 manata, 100 türk lirəsinə 5,66 manata, 100 rus rubluna 1,90 manata bərabər olub.