2023-cü ilin yanvar-sentyabr aylarında əhalinin banklardakı əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 8,2% - 12 milyard 705,47 milyon manatadək artıb.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Sentyabrda əhalinin banklardakı əmanətləri 125,4 milyon manat artıb.
Yanvar-sentyabr aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 15,6% - 8 milyard 251,5 milyon manatadək (bütün əmanətlərin 64,9%-i) artıb. Sentyabr ayında milli valyutada əmanətlərin həcmi 233,7 milyon manat artıb.
Yanvar-sentyabr aylarında əhalinin xarici valyutada bank əmanətləri 3,3% - 4 milyard 453,9 milyon manatadək və ya bütün əmanətlərin 35,1%-i səviyyəsində artıb (2022-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 39,2% təşkil edib). Sentyabrda əhalinin xarici valyutada bank əmanətləri 108,4 milyon manat azalıb.
Yanvar-sentyabr aylarında rezidentlərin banklardakı əmanətlərinin həcmi 11 milyard 404,88 milyon manat (artım 7,9%), qeyri-rezidentlərin – 1 milyard 300,58 milyon manat (artım 10,8%) təşkil edir.
2023-cü il sentyabrın 30-na banklarda əmanət və depozitlərin həcmi 34 milyard 230,5 milyon manat təşkil edir ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 5,6% azdır. (İnterfaks-Azərbaycan)