Dünya Bankının (DB) Direktorlar Şurası məşğulluğa dəstək layihəsinin maliyyələşdirilməsi üçün Azərbaycana $100 milyon məbləğində kredit ayırıb. Bu barədə bankın məlumatında deyilir.
Eləcə də bax: Dünya Bankı Azərbaycana kredit verəcək - TƏSDİQLƏNMƏ TARİXİ
FED.az məlumat verir ki, kredit vəsaiti 4 ili güzəştli olmaqla 14 il müddətinə ayrılıb.
5 illik dövrü əhatə edən məşğulluğa dəstək layihəsinin məqsədi Azərbaycanda əhalinin həssas təbəqələrinə iş tapmaqda, əmək bazarında özünüməşğulluq imkanlarının reallaşdırılmasında kömək etməkdir. Layihə gənclər, qadınlar, təhsil səviyyəsi aşağı olan insanlar və ölkə daxilində köçürülmüş şəxslər arasında məşğulluqla bağlı vəziyyətin yaxşılaşdırılmasına yönəldiləcək.
“Bu, Azərbaycan və cəmiyyətin daha həssas təbəqələri üçün iş imkanlarının yaxşılaşdırılması istiqamətində onun göstərdiyi səylər üçün mühüm layihədir”, - deyə bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Navid Naqvi bildirib.
Layihə Dövlət Məşğulluq Xidmətinin iş axtaran şəxsləri daha yaxşı qiymətləndirmək və məsləhətlər vermək, iş seçimi və müvafiq məşğulluq proqramlarına yönəltmə imkanlarını artıracaq.
Daha əvvəl əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirmişdi ki, Azərbaycan hökuməti DB ilə bu layihə üzrə iyun ayına qədər kredit sazişi imzalamağı nəzərdə tutur.
Bankın kredit vəsaiti 2019-cu ildə 10,354 min Azərbaycan vətəndaşının cəlb olunduğu özünüməşğulluq layihəsinin inkişafı üçün istifadə ediləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2020-ci il üçün özünüməşğulluq proqramının maliyyələşdirilmə həcmini 63 milyon manat (cari məzənnə ilə $37 milyon dollar) məbləğində qiymətləndirir.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Bu günədək bank 50-dən çox layihənin həyata keçirilməsi üçün respublikaya ümumilikdə $3,5 milyard məbləğində kredit ayırıb.
İnterfaks