“Diqlas” ticarət mərkəzində yanğından zərər çəkən hər bir sahibkarın adına yaxın günlərdə “Kapital Bank”da hesab açılacaq, kompensasiyanın ilkin məbləği həmin hesaba köçürüləcək. FED.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
““Diqlas” ticarət mərkəzində yanğından maddi zərər görən hər bir sahibkarın adına yaxın günlərdə “Kapital Bank”da hesab açılacaq. İlkin mərhələdə sahibkarların hər birinin hesabına kompensasiyanın müəyyən məbləği köçürüləcək. Zərərin məbləği müəyyən olunandan sonra kompensasiyanın qalan hissəsi ödəniləcək”, - N.Səfərov cümə günü sahibkarlarla görüş zamanı bildirib.
Bundan əlavə, nazirlik həmçinin sahibkarlara xüsusi dərəcə ilə güzəştli kreditlərin verilməsinə köməklik etməyə hazırdır.
N.Səfərovun sözlərinə görə, Sahibkarlığın İnkişafı Fondu (SİF) illik 4%-dən aşağı dərəcə ilə güzəştli kreditlər verə bilər.
“O cümlədən, zərər çəkmiş sahibkarala bir müddət daha sərfəli şərtlərlə ticarət meydançaları təqdim edə biləcək digər ticarət mərkəzləri ilə danışıqlar aparılır”, - o qeyd edib.
“Diqlas” ticarət mərkəzində yanğın mart ayının 26-sı saat 8.12-də baş verib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun sözlərinə görə, yanğın yaxınlıqda yerləşən dönərxananın yanması səbəbindən baş verib.
K.Heydərov vurğulayıb ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən 2015-ci ildən başlayaraq ticarət mərkəzinə və Nizami Rayon İcra Hakimiyyətinə mərkəzdə yanğın təhlükəsizliyi qaydalarının pozulması ilə bağlı xəbərdarlıqlar göndərilib.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 225-ci maddəsi (yanğın təhlükəsizliyi qaydalarının pozulması) üzrə cinayət işi başlanıb.
İlkin qiymətləndirmələrə görə, yanğın nəticəsində 1000 nəfərə yaxın sahibkara ziyan dəyib. Hazırda dəyən ziyanın həcmi hesablanı