2025-ci ilin birinci rübü üzrə aparılmış sorğunun nəticələrinə əsasən, mikro və iri sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə standartlarda dəyişiklik qeydə alınmasa da, kiçik və orta sahibkarlıq (KOS) subyektləri üzrə kredit standartlarında yumşalma müşahidə edilib.
FED.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Banklar növbəti rübdə ümumi biznes kreditləri, o cümlədən KOS subyektləri üzrə kredit standartlarında dəyişiklik olmayacağı, mikro sahibkarlıq subyektləri üzrə isə standartlarda yumşalma olacağı qənaətindədirlər. Banklar biznes kreditləri üzrə standartlarda müşahidə olunan dəyişikliklərin əsasən yuxarı riskli kreditlərə tətbiq olunan marja, kovenantlar və kreditlərin maya dəyərinin artımı formasında olduğunu qeyd ediblər.
Sorğuda iştirak edən bankların cavablarına əsasən, 2025-cü ilin I rübündə biznes kreditləri üzrə tələbdə dəyişiklik müşahidə edilməyib. Banklardan gələn məlumatlara əsasən, cari ilin ilk rübündə qeyri-iş günlərinin sayının çox olması səbəbindən biznes kreditlərinə tələbdə nəzərəçarpan dəyişiklik qeydə alınmayıb.
Banklar növbəti rübdə ümumi biznes kreditləri, o cümlədən MKOS subyektləri üzrə kredit tələbində artım olacağını gözləyirlər. Sorğu nəticələrinə əsasən, 2025-cü ilin I rübündə biznes kreditləri üzrə ümumi iqtisadi gözləntilər və maliyyələşmə dəyəri standartlara sərtləşdirici təsir edən amillər kimi qiymətləndirilsə də, banklar tərəfindən standartların sərtləşdirilməsi müşahidə edilmir.
Bütövlükdə sorğu nəticələri bankların biznes portfeli üzrə artım tempinin növbəti rüb də davam edəcəyini göstərir.