Bank VTB (Azərbaycan) birinci rübdə depozit portfelini 6% artıraraq 74,3 mln manata çatdırıb. Portfelin böyük hissəsi hüquqi şəxslərin və maliyyə təşkilatlarının vəsaitləridir – onlar 16% artaraq 40,7 mln manata çatıb. Fiziki şəxslərin əmanətləri 33,6 mln manat təşkil edib.
FED.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, Bank VTB (Azərbaycan) 2020-ci ilin birinci rübünü 1,4 mln manat məbləğində mənfəətlə başa vurub. Faiz gəliri 2,1 mln manata çatıb. Faiz mənfəəti isə il ərzində 4 dəfə artaraq 1,2 mln manat təşkil edib.
Hesabat dövrü ərzində bankın məcmu kapitalı 58,9 mln manat təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 7% çoxdur. Məcmu kapitalın və 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı Azərbaycan Mərkəzi Bankının (AMB) tələblərinə cavab verərək müvafiq olaraq 65,59% və 63,02% çatıb.
Hüquqi şəxslərin kredit-zəmanət portfeli 47,9 mln manat təşkil edib. Birinci rübün nəticələrinə görə fiziki şəxslərin kredit portfeli 71 mln manatı keçib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə fiziki şəxslərə verilən kreditlərin (ipoteka, nağd kredit və kredit kartları) həcmi 30% artıb.
Birinci rübdə bank xidmətlərinə distant kanallar vasitəsi ilə çıxışın genişləndirilməsi istiqamətində fəal iş aparıb. Maliyyə təşkilatı Direct rəqəmsal bankına yeni funksionalların tətbiqini uğurla davam etdirir. 31 mart 2020-ci il tarixinə Facebook sosial şəbəkəsindəki messencerdə bankın yeni məhsulu olan Direct-in istifadəçilərinin sayı 2500 nəfəri keçib.
“Birinci rübdə VTB (Azərbaycan) bütün əsas göstəricilər üzrə stabil artım nümayiş etdirib. Müsbət trend həm pərakəndə, həm də korporativ biznesin işində müşahidə olunub. Biz rəqəmsal texnologiyaların imkanlarının genişləndirməsi üzrə fəaliyyətimizi uğurla davam etdirmişik. Bu məsələ COVİD-19-un yayılmasının qarşısını almaq məqsədilə nəzərdə tutulmuş özünütəcrid şəraitində xüsusilə aktualdır. Hazırda biz müştərilərimizə distant kanallar vasitəsilə öz maliyyə vəsaitlərinə rahat çıxış təmin edirik”-deyə bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin bildirib.
Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,8 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.