Azərbaycanda Rusiya kapitalı ildə fəaliyyət göstərən «Bank VTB Azərbaycan» 2022-ci ilin 1-ci rübünü əla nəticələrlə tamamlayıb. Bankın açıqladığı hesabata əsasən gəlirləri və mənfəəti kəskin artıb, bu artım bankın fəaliyyətinin bütün istiqamətlərində özünü göstərib.
Azərbaycan bankları 1-ci rübü belə başa vurdu – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI - YENİLƏNİR
FED.az xəbər verir ki, 1-ci rübdə «Bank VTB»nin faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 milyon manat və ya 70%-dən çox artaraq 3,6 milyon manatdaqn 6,2 milyon manata yüksəlib.
Faiz gəlirlərinin böyük hissəsi – 5,1 milyon manatı ayrılmış kreditlər üzrə əldə edilən faizlər təşkil edib (90%-ə yaxın artıb).
632 min manat faiz gəliri isə banklara və digər maliyyə qurumlarına verilən kreditlər üzrə daxil olub.
Bankın faiz xərcləri də 80% artaraq 1 milyon manatdan 1,8 milyon manata yüksəlib. Bunun 1,5 milyon manatı bankda əmanəti olan şəxslərə faiz olaraq ödənilib – 93% artım var. 240 min manat isə Mərkəzi Bank və digər dövlət qurumları qarşısında öhdəlikləri üzrə faiz olaraq ödənilib.
Nəticədə bankın xalis faiz gəliri ötən ilin 1-ci rübü ilə müqayisədə təqribən 2 dəfə artaraq 4 milyon 332 min manata yüksəlib.
2022-ci ilin 1-ci rübünün nəticələrinə əsasən, «Bank VTB»nin qeyri-faiz gəlirləri 3 dəfə artaraq 1,74 milyon manatdan 5,37 milyon manata yüksəlib.
Bu dövrdə bank göstərdiyi xidmətlər üzrə haqq və komissiya gəlirləri kimİ, 1 051 min manat əldə edib (25% artıq). Valyuta əməliyyatlarından gəlirlər isə 4 dəfə artaraq 835 min manatdan 3 417 min manata yüksəlib. Bankın «Digər gəlirləri» də 15 dəfə artaraq 60 mindən 900 min manata yüksəlib.
«Bank VTB»nin qeyri-faiz xərcləri də 25%-dən çox artaraq 6,3 milyon manata çatıb. Bunun 3,2 milyon manatı əmək haqqı xərclərinə (13% artıb), 1,3 milyon manatı ümumi və inzibati xərclərə, 1,4 milyon manat isə digər xərclərə sərf edilib.
Nəticədə «Bank VTB» cari ilin 1-ci 3,4 milyon manat əməliyyat mənfəəti ilə başa vurub.
Bundan başqa, 1-ci rübdə «Bank VTB» mümkün zərərlər üzrə ayrılmış ehtiyatlardan 2,1 milyon manatı geri çəkib.
Beləliklə bank 1-ci rübü 5 milyon 497 min manat xalis mənfəətlə bağlayıb. Bu ötən illə müqayisədə 30 dəfə artıqdır. Xatırladaq ki, ötən ilin 1-ci rübündə bankın xalis mənfəəti 179 min manat olmuşdu.
2022-ci ilin 1-ci rübünün sonunda «Bank VTB»nin aktivləri 203,2 milyon manat təşkil edib. Bunun 21,7 milyon manatı nağd vəsaitlər şəklində saxlanılır.
Bankın kredit portfeli 163,5 milyon manat təşkil edib ki, bunun da 64,5 milyon manatı istehlak, 65,5 milyon manat biznes, 33,5 milyon manat isə daşınmaz əmlak kreditlərinin payına düşüb.
1-ci rübün sonuna Bankın öhdəlikləri 129 milyon manat təşkil edib. Bankdakı depozit portfeli 62,6 milyon manatdır – bunun 49,3 milyon manatı fiziki şəxslərin, 13,3 milyon manat isə hüquqi şəxslərin payına düşüb. Bankın Mərkəzi Bank qarşısındakı öhdəlikləri 36,5 milyon manat, digər kredit təşkilatları qarşısında öhdəliklər isə 15,8 milyon manat olub.
2022-ci ilin 1-ci rübündə «Bank VTB»nin kapitalı 3,5 milyon manat və ya 8% artaraq 68,7 milyon manatdan 74,2 milyon manta yüksəlib.
«Bank VTB Azərbaycan»ın maliyyə vəziyyəti_CƏDVƏL-1-Cİ RÜB, 2022
«Bank VTB Azərbaycan»ın mənfəət-zərəri_ CƏDVƏL-1-Cİ RÜB, 2022