22 may 2019-cu il tarixində bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin və STEP IT Academy-nin direktoru Aleksey Sleptsov memorandum imzalayıb. FED.az xəbər verir ki, sənəd informasiya texnologiyaları sahəsində birgə layihələrin işlənməsi və həyata keçirilməsi, eləcə də İT üzrə təcrübə mübadiləsi və tədris-metodiki vəsaitlərin hazırlanmasını nəzərdə tutur. Razılaşma çərçivəsində VTB (Azərbaycan) uğurlu və perspektivli tələbələrə bankda təcrübə və iş təklif etmək niyyətindədir. Bundan başqa, tərəflər seminar, konfrans və digər birgə tədbirlərin təşkilatında əməkdaşlığı planlaşdırır.
“STEP IT Academy ilə əməkdaşlıq təhsilə dəstək çərçivəsində bankın həyata keçirdiyi tədbirlərdən biridir. Bu istiqamətdə VTB (Azərbaycan) artıq ölkənin bir sıra aparıcı ali təhsil müəssisələrilə əməkdaşlıq edir. Biz səlahiyyətlərimiz çərçivəsində tələbələr üçün ekspert qismində çıxış edir, elmi layihələrin hazırlanmasında onlara kömək göstərir, tələbə təcrübəsini inkişaf etdirir və bununla da yeni gənc kadrların hazırlanmasına öz tövhəmizi veririk” – deyə, bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin bildirib.