“Yelo Bank” (“LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov tərəfindən nəzarət edilir) 2021-ci ilin yekunları üzrə 10 milyon manatdan artıq xalis mənfəət əldə etməyə ümid edir.
FED.az xəbər verir ki, bu barədə bankın İdarə Heyətinin sədri Anar Həsənov məlumat verib.
2020-ci ilin yekunları üzrə bankın xalis zərəri 39 milyon 748,8 min manat təşkil edib.
“2021-ci ilin biznes planına mənfəətin əldə edilməsi (2 milyon manata qədər - İF) daxildir. Lakin birinci rübün nəticələri göstərir ki, bank cari ildə yaxşı mənfəət əldə edə bilər”, - deyə Həsənov bildirib.
Onun sözlərinə görə, bank 2021-ci ilin birinci rübünü 5,7 milyon manat xalis mənfəətlə başa vurub. Azərbaycan banklarının heç də hamısı birinci rübün yekunlarına dair göstəriciləri hələ dərc etməyib, amma “Yelo Bank”ın mənfəətini artıq öz göstəricilərini dərc etmiş banklarla müqayisə etsək, o zaman biz mənfəət göstəricisinə görə TOP-4-ə daxil oluruq. Ümumilikdə, hesab edirik ki, 2021-ci ilin yekunları üzrə xalis mənfəət 10 milyon manatı ötəcək”, - deyə sədr qeyd edib.
Həsənov əlavə edib ki, cari ildə bank nizamnamə kapitalını artırmağı planlaşdırmır. “2020-ci ildə biz nizamnamə kapitalını 30 milyon manat artırmışıq. Hazırda kapitalımızın həcmi bütün tənzimləyici tələblərə uyğundur və kapitalın artırılmasına ehtiyac görmürəm. Buna görə səhmdarlar tərəfindən kapitala əlavə vəsaitin yönəldilməsi planlaşdırılmır”, - deyə bankın rəhbəri bildirib.
“Yelo Bank” Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. Bankın əsas səhmdarı “Topaz Investment” QSC-dir. (İnterfaks)