“Yelo Bank”ın (“LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov tərəfindən nəzarət edilir) Müşahidə Şurası bankın 2021-2023-cü illər üçün inkişaf strategiyasını təsdiq edib.
Eləcə də bax:“Yelo Bank” birləşmə planından - İmtina Edib
FED.az xəbər verir ki, bu barədə bankın İdarə Heyətinin sədri Anar Həsənov məlumat verib.
“Müşahidə Şurası ötən həftə 3 illik (2021-2023-cü illər) strategiyanı təsdiq edib. Strategiyanın məqsədi “Yelo Bank”ı pərakəndə banka çevirməkdir. Əvvəlki illərdə bank daha çox korporativ sektora istiqamətlənmişdi, lakin indi biz riteyl-bank olmaq niyyətindəyik”, - deyə Həsənov bildirib.
Onun sözlərinə görə, bank strategiya çərçivəsində istehlak kreditləşməsi ilə yanaşı, mikrokreditləşməni də inkişaf etdirməyi planlaşdırır. “Məqsədimiz mikrokreditləşmə sahəsində Azərbaycan banklarının ilk 3-nə daxil olmaqdır”, - deyə sədr vurğulayıb.
Həsənov əlavə edib ki, yeni strategiya çərçivəsində bank filial şəbəkəsinə yanaşmaları yenidən nəzərdən keçirəcək. “Bunun çərçivəsində bir sıra filialların yerləşdiyi yerin dəyişdirilməsi, eləcə də yeni filialların açılması mümkündür. Lakin bu məsələlər hələ müzakirə mövzusudur”, - deyə o qeyd edib.
İdarə Heyətinin sədri əlavə edib ki, “Yelo Bank” digər kredit təşkilatları ilə birləşməyi planlaşdırmır.
“Yelo Bank” Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. Bankın əsas səhmdarı “Topaz Investment” QSC-dir. (İnterfaks)