Artıq Azərbaycanda da təmassız ödəniş üsulunun tətbiqinə başlanılıb.
FED.az xəbər verir ki, NFC (Near Field Communication) üzrindən həyata keçirilən təmassız ödəniş sistemini ölkəmizə ilk dəfə Azərbaycan Beynəlxalq Bankı gətirib.
Qeyd edək ki, VTS (Visa Token Service) Android platformalı mobil telefonlarda VISA kartları ilə NFC texnologiyası üzərindən təmassız ödənişlərin aparılmasına imkan verən xidmətdir.
NFC (Near Field Communication) isə mobil telefonlar vasitəsilə təmassız ödənişlərin aparılmasına imkan verən funksiyadır.
“Kontakt Home” mağazalar şəbəkəsindən FED.az-a bildirilib ki, NFC təmassız ödənişlərin aparılmasına imkan verən funksiya ölkəmizə gətirilən əksər smartfonlar tərəfindən dəstəklənir.
Məlumata görə, ən bahalı, buraxılış ili ən yeni olan smartfonlarla yanaşı orta səviyyəli, eləcə də baha olmayan smartfonlar da təmassız ödəniş funksiyasını dəstəkləyir.
Orta sinif smartfonlara misal olaraq “Samsung Galaxy A20”, “Samsung Galaxy A30”, “Huawei P Smart Z”, “Blackview BV5500 Pro”, “Nokia 3.1 Plus”, “Huawei P Smart”, “Honor 10 Lite”, “Huawei P20 Lite”, “Nokia 5.1 DS” kimi smartfonların da NFC ni dəstəklədiyi bildirildi.
Necə qeydiyyatdan keçmək olar?
Kartın 16 rəqəmli nömrəsini və ekranda əks olunan təhlükəsizlik kodunu daxil etməklə qeydiyyatdan keçmək mümkündür. Kart sifariş olunarkən sistemdə qeyd olunan mobil nömrəyə SMS vasitəsilə birdəfəlik kod daxil olur. Kodu daxil etdikdən sonra müştəri mobil əlavədən istifadə üçün 5 rəqəmli giriş kodu təyin edir. Əgər telefonda biometrik autentifikasiya funksiyası (touch İD) varsa, həmin funksiyadan da istifadə oluna bilər.
Əlavədə təmassız ödəniş hansı formada aktivləşdirilir?
Mobil əlavə vasitəsilə təmassız ödənişləri aparmaq üçün ilk növbədə karta daxil olaraq xidmətlər bölməsindən “NFC ödənişlərin aktivləşdirilməsi ” funksiyası seçilməlidir.
Təmassız ödəniş hansı qaydada aparılır?
Ticarət-xidmət müəssisəsində alış-veriş zamanı mobil telefon kilid ekranı rejimindən çıxarılmalı və POS terminalın ekranına toxundurulmalıdır. Bu zaman əməliyyat məbləği 50 manata qədər olarsa, əlavə təhlükəsizlik kodunun daxil edilməsinə ehtiyac yoxdur. 50 manatdan yuxarı məbləğdə olan ödənişlərdə isə kod daxil edilir.