Azərbaycan banklarında fiziki şəxslər tərəfindən yerləşdirilən depozitlərin həcminə görə reytinq cədvəli məlum olub.
FED.az xəbər verir ki, siyahı göstərir ki, əhalinin əmanətlərinin böyük hissəsi sektorun iki aparıcı bankında cəmləşib.
Reytinqə 3 milyard 146 milyon 955 min manatlıq depozit portfeli ilə “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC başçılıq edir. Bu göstərici ilə ABB fiziki şəxslərin əmanətlərinin cəlbi üzrə bazarın lideridir.
İkinci yerdə ondan çox az fərqlə 3 milyard 92 milyon 548 min manatla “Kapital Bank” ASC qərarlaşıb. Bu iki bank birlikdə fiziki şəxslərin depozit bazarının böyük əksəriyyətini təşkil edir. Siyahıda üçüncü yerdə isə 1 milyard 759 milyon 694 min manatla “PAŞA Bank” ASC yer alıb.
Bu üçlükdən sonra gələn yeganə milyardlıq portfelə malik bank “Unibank KB” ASC-dir ki, onun da fiziki şəxslərdən cəlb etdiyi depozitlərin həcmi 1 milyard 5 milyon 435 min manat təşkil edib.
Reytinqin davamında “Yelo Bank” ASC (879 milyon 405 min manat), “AccessBank” QSC (860 milyon 755 min manat), “Xalq Bank” ASC (761 milyon 154 min manat), “Bank of Baku” ASC (638 milyon 904 min manat), “Bank Respublika” ASC (602 milyon 476 min manat) və “Rabitəbank” ASC (550 milyon 855 min manat) qərarlaşıb.
Siyahının digər iştirakçılarının göstəriciləri isə 500 milyon manatdan aşağıdır.














