2025-ci ilin oktyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların faiz və bu qəbildən olan gəlirləri 3 milyard 666,8 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir.
Bankların cəmi faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 783,4 milyon manat, yəni 27,2% artıb, Aylıq müqayisədə isə gəlirlər 429,1 milyon manat, yəni 13,3% yüksəlib.
Gəlirlərin artımında əsas rolu kreditlər üzrə faiz gəlirləri oynayıb. Bu gəlirlər 2 milyard 887,0 milyon manata çatıb ki, bu da illik müqayisədə 654,3 milyon manat (29,3%), aylıq müqayisədə isə 342,3 milyon manat (13,5%) artım deməkdir.
Faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatlar maddəsi 43,7 milyon manat təşkil edib. Bu, illik müqayisədə 7,3 milyon manat (20,1%) artım göstərsə də, son bir ayda 1,4 milyon manat (3,1%) azalıb.
Bankların maliyyə sektorunda yerləşdirilmiş vəsaitlərdən əldə etdiyi gəlirlər 238,6 milyon manat olub. Bu, illik müqayisədə 18,1 milyon manat (8,2%) və son bir ayda 32,8 milyon manat (15,9%) artıb. Ötən ilin sonuna nəzərən isə 49,0 milyon manat (17,0%) azalma qeydə alınıb.
Qiymətli kağızlar üzrə gəlirlər də bütün müqayisə dövrlərində artım nümayiş etdirib və 417,5 milyon manata çatıb. Bu, illik müqayisədə 94,0 milyon manat (29,1%), son bir ayda isə 45,8 milyon manat (12,3%) artıb.
Nəhayət, digər faiz gəlirləri 123,6 milyon manat olub. Bu, illik müqayisədə 16,9 milyon manat (15,8%) və son bir ayda 8,1 milyon manat (7,0%) artıb.
Xatırladaq ki, bankların cəmi faiz gəlirləri bu ilin sentyabrın 1-nə 3 milyard 237,7 milyon manat, 2024-cü ilin oktyabrın 1-nə isə 2 milyard 883,4 milyon manat təşkil edib.














