Mayın 19–23-də Azərbaycan Bankçılıq Missiyasının Amerika Birləşmiş Ştatlarında (ABŞ) növbəti dəfə işgüzar səfərdə olacaq.
FED.az bu barədə "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinə istinadən xəbər verir.
Məlumata görə, səfər ABA və ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) birgə təşkilatçılığı baş tutacaq, missiya “Bank Uyğunluğunun və Maliyyə Bütövlüyünün Gücləndirilməsi: Azərbaycan-Amerika Tənzimləyici Təcrübə Mübadiləsi Missiyası” olmaqla Vaşinqton və Nyu-York şəhərlərinə həyata keçiriləcək.
ABA-nın nəzdindəki “Komplayns Ekspert Qrupu”nun nümayəndələrindən ibarət bu missiyanın əsas məqsədi Azərbaycan bankları ilə ABŞ-nin tənzimləyici orqanları, aparıcı maliyyə institutları və sənaye ekspertləri arasında əməkdaşlığı gücləndirməkdir. Son illər iki ölkənin banklarının əməkdaşlığı əhəmiyyətli dərəcədə genişlənib, bu isə ticarət və biznes əlaqələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Azərbaycanın bank sisteminə artan inam və maliyyə institutlarının peşəkarlığının yüksəlməsi ABŞ bankları ilə güclü müxbir əlaqələrinin qurulmasında mühüm rol oynayıb.
Proqramın məqsədi Azərbaycan banklarının uyğunluq sahəsindəki peşəkar potensialını gücləndirmək, bilik mübadiləsini təşviq etmək, uyğunluq təcrübələrini inkişaf etdirmək, maliyyə sektorunda şəffaflığı və dürüstlüyü artırmaq və beynəlxalq tənzimləyici standartlara uyğunluğu dəstəkləməkdir.
ABA və USACC-nin ABŞ-a təşkil etdiyi Birinci Azərbaycan Bankçılıq Missiyasına Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov rəhbərlik edib. Missiyada 11 aparıcı bankın yüksək səviyyəli nümayəndələri təmsil olunub.