Bakıda “Nargis Fund” rəhbərliyi altında “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası ənənəvi olaraq öz işinə başlayıb.
Bankın mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, sosial məsuliyyət fəaliyyəti çərçivəsində bir çox layihələrin gerçəkləşməsində iştirak edən dövlət bankı Azər Türk Bank bu humanitar tədbirin tərəfdaşı qismində çıxış edir.
Artıq 5-ci ildir ki, keçirilən xeyriyyə yarmarkasında əldə olunan vəsait hər dəfə olduğu kimi, xeyriyyə işlərinə sərf olunacaq. “Nargis Fund” layihənin sponsorları ilə birgə müalicə və əməliyyata ehtiyacı olan uşaqlara, eləcə də aztəminatlı ailələrə yardım göstərəcək. Yarmarkanın əsas qonaqları olan uşaq evlərinin sakinlərini məşhur insanlarla görüş, sevimli ifaçıların çıxışı, sponsorlardan ənənəvi suvenirlər, şirniyyatlar və hədiyyələr gözləyir.
Qeyd edək ki, Azər Türk Bank yarmarkada “Arzular qutusu” yerləşdirmişdir. Ən maraqlı arzuların müəllifləri bank tərəfindən mükafatlandırılacaqlar.
Dövlət bankı Azər Türk Bank belə vacib bir layihənin reallaşdırılmasında iştirakından fərəh duyur və bu kimi əhəmiyyətli tədbirlərin həyata keçirilməsində, həmişə olduğu kimi, səylərini davam etdirəcəkdir.
Azər Türk Bank xeyriyyə layihəsinin tərəfdaşı oldu
17:19
8 Dek 2017