Bu ilin sonunda vəzifəsini tərk edəcəyi açıqlanan «AccessBank» sədri Anar Həsənovun növbəti iş yeri məlum olub.
Xatırladaq ki, «AccessBank»dan verilən rəsmi açıqlamaya görə, Anar Həsənov bu ilin sonunda vəzifəsini tərk edəcək.
«AccessBank»ın Müşahidə Şurasının sədri Oleq İvaniyçuk Bankda kadr dəyişikliklərini şəhr edərkən bildirib ki, cənab Həsənov işini başqa bankda davam etdirəcək: «Cənab Həsənov qərar verib ki, digər yerli bankda fəaliyyətinə davam edərək, yeni nailiyyətlər əldə etsin. Mən onun qərarına hörmətlə yanaşıram və yeni işində uğurlar arzu edirəm».
FED.az-ın əldə etdiyi məlumata görə, Anar Həsənovun yeni iş yeri «Yelo Bank» olacaq. Onun «Yelo Bank»da idarə heyəti sədri olacağı bildirilir.
Xatırladaq ki, bir qədər əvvəl «Yelo bank»ın rəhbəri Nikolas Şurqaia da vəzifəsini tərk edib.
Bankdan FED.az-a verilən məlumata görə, Yelo Bankın İdarə Heyətinin Sədri Nikoloz Şurqaia tutduğu vəzifədən ayrılır. Bu, bankla cənab Şurqaia arasında müqavilə müddətinin bitməsi ilə əlaqədardır.
Hazırda bankda İdarə Heyəti Sədri vəzifəsini müvəqqəti olaraq İdarə heyətinin üzvü və Bankın Maliyyə üzrə baş direktoru Emil Duşdurov icra edir.
Xatırladaq ki, Anar Həsənov İstanbul Universitetinin İqtisadiyyat fakültəsinin “Maliyyə” bölümündə təhsil alıb, Azərbaycan Dövlət İqtisad Universitetində "Bank işi və kredit" ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Cənab Həsənov həmçinin Pensilvaniya Universiteti nəzdində “Ali Bank Məktəbi”ni bitirib.
Anar Həsənov mikro, kiçik və orta sahibkarlığın, korporativ və pərakəndə biznesin inkişafı üzrə 17 illik iş təcrübəsinə malikdir. O, AccessBank-da fəaliyyətini 2002-ci ilin sentyabr ayında mikrokreditləşmə üzrə mütəxəssis vəzifəsində başlayıb, daha sonra baş kredit mütəxəssisi vəzifəsinədək yüksəlib və yeni yaradılmış KOB departamentinə keçirilib. 2006-cı ilin iyul ayında Pərakəndə bankçılıq departamentinin direktoru vəzifəsinə təyin olunub, 2007-ci ilin sentyabr ayında isə İdarə Heyətinə üzv seçilib. Anar Həsənov 2013-cü ilin sentyabr ayından AccessBank-ın İdarə Heyətinin sədr müavini, 2017-ci ildən isə İdarə Heyətinin sədrinin birinci müavini və baş əməliyyat inzibatçısı (COO) vəzifəsinə təyinat alıb. 2018-ci ilin iyun ayından İdarə Heyətinin sədri və baş menecer vəzifələrində çalışır.