Azərbaycanın aparıcı banklarından olan, xüsusilə biznesin maliyyələşdirilməsi üzrə bank sektorunun liderlərindən biri «Accesbank» 2026-cı ilin 2-cü rübünün nəticələrini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ilin ilk yarısında bankın faiz gəlirləri 141,3 milyon manat olaraq ötən ilin birinci yarısına nəzərən 20 milyon manat və ya 16% artıqdır. Xatırladaq ki, bank ötən ilin birinci yarısında 121 milyon 337 min manat faiz gəliri əldə etmişdi.
Ənənəvi olaraq «Accesbank»ın faiz gəlirlərinin böyük hissəsi kredit faizlərinin payına düşür. Belə ki, faiz gəlirlərinin 95%-i və ya 134,6 milyon manatı müştərilərə verilmiş faizlərdən əldə olunan gəlirlər tutub. Bu gəlirlər də illik 19 milyon manat artıb.
Başqa banklara və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 3 milyon manatı keçib. Başqa banklardakı depozitlər isə «Accesbank»a 2,1 milyon manat gəlir gətirib (2,2 dəfə artım). Qiymətli kağızlardan gəlirlər isə 1,5 milyon manat olub.
«Accesbank»ın faiz xərcləri faiz gəlirlərinin təxminən üçdə bir hissəsi qədərdir - 56 milyon manat. Faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən 9 milyon manat artıb.
Faiz xərclərinin 75%-i, yəni 42,5 milyon manatı bankdakı əmanət sahiblərinə ödənilən faizlərdir. Bu bir il əvvələ nisbətən 6,7 milyon manat (19%) artıqdır.
2026-cı ilin ilk 6 ayında «Accesbank» müxtəlif mənbələrdən cəlb etdiyi kreditlərə görə 13,2 milyon manat faiz ödəyib.
Faiz xərcləri çıxdıqdan sonra bankın xalis faiz gəlirləri 85 milyon manata çatıb ki, bu da, ötən ilin birinci yarısına (74 milyon manat) nisbətən 11 milyon manat artıqdır.
İlk yarım ildə «Accesbank»ın qeyri-faiz gəlirləri ötən illə müqayisədə yarım milyon manat artaraq 8,6 milyon manat olub.
Alınan haqq və komissiya gəlirləri ümumi qeryi-faiz gəlirlərindən daha çox olub. Belə ki, bu gəlirlər 8,7 milyon manat təşkil edərək illik müqayisədə 403 min manat və ya 4,9% çox olub. Əvəzində «Accesbank» xarici valyuta əməliyyatlarında gəlir deyil zərər edib. Bank bank altı ayda xarici valyutadan 374 min manat zərər edib.
Bəhs olunan dövrdə bankın qeyri-faiz xərclərində də artım qeydə alınıb. Qeyri-faiz xərcləri 2025-ci ilin birinci yarısındakı 47,8 milyon manatdan bu il 52,2 milyon manata yüksəlib – 4,4 milyon manat (9,2%) artıb.
Qeyri-faiz xərclərinin 56%-i – 29 milyon manatı əmək haqqı xərcləridir. Bu xərclər də illik müqayisədə 4 milyon 356 min manat (17,6%) artıb.
Ümumi və inzibati xərclər 1,1 milyon manat (9,6%) artaraq 12,6 milyon manata, amortizasiya xərcləri 3,2 milyon manata, digər xərclər isə 7,3 milyon manata bərabər olub.
Nəticədə bank ilk yarım ili 41,3 milyon manat əməliyyat mənfəəti ilə tamamlayıb. Ötən il bu məbləğ 34,2 milyon manata idi, yəni əməliyyat mənfəəti 9 milyon manat artıb.
Hesabat dövründə «Accesbank» mümkün zərərlər üzrə 6,2 milyon manat ehtiyat yaradıb. Bu məbləğ əvvəlki illə müqayisədə təqribən 2 milyon manat azdır ki, bu da son nəticədə bankın mənfəətinə müsbət təsir edib.
Nəticədə bankın mənfəət vergisindən əvvəlki mənfəəti 35,1 milyon manat olub, bundan 7 milyon manat mənfəət vergisi ödənilib.
Yekunda “Accesbank” bu ilin birinci yarısını 28,1 milyon manat xalis mənfəətlə başa vurub. Bu ötən ilin eyni dövrünə nisbətən 7,2 milyon manat artıqdır.
2026-ci ilin ilk yarısında «Accesbank» böyüməkdə davam edib və aktivlərini 15 milyon manat artırıb. Belə ki, ötən ilin sonunda aktivlər 1 milyard 770 milyon manat idisə, bu ilin birinci yarısında 1 milyard 785 milyon manata çatıb.
İlk altı ayda bankın kredit portfeli 47 milyon manat və ya 3,5% artaraq 1 milyard 381,4 milyon manata çatıb. Kredit potfeli ümumi aktivlərin 77,4%-inə bərabər olub.
Kredit portfelinin artması özünü bankın bütün kredit məhsullarında özünü göstərib: istehlak kreditləri 22,3 milyon manat (7,7%) artaraq 311,5 milyon manata, biznes kreditləri 19,3 milyon manat (18,8%) artaraq 1 milyard 42,1 milyon manata, daşınmaz əmlak kreditləri isə 5,6 milyon manat (25,5%) artaraq 27,8 milyon manata çatıb.
Qeyd edək ki, «Accesbank» biznes kreditlərinə daha çox vəsait ayırır. Bankın biznes kreditləri kredit portfelinin 75,4%-ini tutur.
Bankın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərinin həcmi 45,8 milyon manat (33,2%) artaraq 184 milyon manata yüksəlib.
Ticarət və investisiya qiymətli kağızlarındakı aktivlər 34 milyon 864 min manat olub – 7 milyon 928 min manat və ya 18,5% daha az.
Bank bu il banklar və digər maliyyə institutlarındakı depozitlərindən 70 milyon manat və ya 30% geri çəkib. Belə ki, bu depozitlər ötən ilin sonunda 234,1 milyon manat olduğu halda, bu ilin birinci rübünün sonunda 164,2 milyon manata düşüb.
Aktivlərini artıran «Accesbank»ın öhdəliklərində azalmalar olub. Belə ki, bankın cəmi öhdəlikləri 1 milyard 523,7 milyon manat olmaqla son altı ayda 14 milyon manat (0,9%) azalıb.
Öhdəlkilərin 71,2%-i və ya 1 milyard 84,6 milyon manatı depozitlərin payına düşüb. Yarım ilin sonuna bankda fiziki şəxslərin depozitləri 894 milyon manat, hüquqi şəxslərin depozitləri 191 milyon manat olub.
Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərin həcmi 361,5 milyon manat olub.
2026-cı ildə «Accesbank»ın cəmi kapitalı 29 milyon manata yaxın artaraq, 261,4 milyon manata yüksəlib. Səhmdar kapitalı dəyişilməyərək 121 milyon 750 min manat həcmində müəyyənləşib.





![«Accesbank» sürətlə irəliləyir – [red]MƏNFƏƏTİNİ 7 MİLYON ARTIRIB - HESABAT [/red] | FED.az](upload/news/small/2687346.jpg)
![«Accesbank» sürətlə irəliləyir – [red]MƏNFƏƏTİNİ 7 MİLYON ARTIRIB - HESABAT [/red] | FED.az](upload/news/small/924535.jpeg)
![«Accesbank» sürətlə irəliləyir – [red]MƏNFƏƏTİNİ 7 MİLYON ARTIRIB - HESABAT [/red] | FED.az](upload/news/small/1761129.jpeg)










