Rəqəmsal məhsullarla bağlı bizim xüsusi prioritetimiz var – həm fərdi, həm də korporativ müştərilər üçün.
ABB sədri kibertəhlükəsizliklə bağlı: "Bizim rəqəmsal platforma ən təhlükəsiz platformadır"
Bunu keçirdiyi mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov FED.az-ın verdiyi suala cavab olaraq deyib.
Bankın yeni məhsulları haqqında verilən sualları cavablayan sədr qeyd edib ki, "Hər ay yeni məhsullarla müştərilərimizin qarşısına çıxırıq. Qarşıdakı dövrdə də maraqlı layihələrimiz olacaq. Ümumilikdə qeyd edim ki, hal-hazırda xüsusilə fokuslandığımız məsələ süni intellekt əsaslı müştəri dəstəyi sistemidir. ABB Mobile tətbiqində bazarda ilk dəfə olaraq bu cür müasir və texnoloji həll təqdim etmişik. Məqsədimiz odur ki, müştərilər bankdan istədikləri məlumatları sürətli və çevik şəkildə əldə etsinlər. Eyni zamanda bu həll bizim fəaliyyətimizin səmərəliliyinə də töhfə verir. Artıq daxil olan sorğuların 55–60%-ni məlumat mərkəzi əməkdaşına yönləndirmədən süni intellekt cavablandırır. Həmin platformanı yeni mərhələyə keçirmək üçün əməkdaşlarımız artıq işlərə start veriblər. Düşünürəm ki, bu yenilik rəqəmsal dünyada təkcə ABB üçün deyil, həm ölkə, həm region üçün bir yenilik olacaq, hətta bir çox dünya bankları paralel olaraq bizimlə bu istiqamətdə çalışır. Məqsədimiz odur ki, necə ki ümumi hədəfimiz müasir maliyyə dünyasında etibarlı tərəfdaş olmaqdır, eləcə də ABB Mobile tətbiqində insan yönümlü süni intellekt həlli vasitəsilə təkcə sorğulara cavab verən deyil, eyni zamanda əməliyyatları və tranzaksiyaları icra edən bir sistem təqdim edək. Görürük ki, müştəri nəsilləri dəyişir və insanlar artıq daha az yazmaq, düymələrə toxunmaq, əvəzində isə səsli əmrlərlə əməliyyatlarını yerinə yetirmək istəyirlər. Hədəfimiz odur ki, bu yeniliyi ilin sonuna qədər müştərilərimizə təqdim edək.
Digər istiqamətdə, mobil bankımız üçüncü tərəflərlə aktiv inteqrasiyaları davam etdirir. Üçüncü tərəflərin xidmətlərinin bizim mobil tətbiqimizdə təqdim olunması, eyni zamanda bankın öz xidmətlərinin həmin tərəflərin rəqəmsal platformalarında satışının təmin edilməsi məqsədilə bir çox əməkdaşlıq müzakirə olunur. Ötən il “Azal Miles” rəqəmsal kartını təqdim etdik. Hal-hazırda isə bilet satışlarının beynəlxalq bir partnyorla rəqəmsal platformalarımıza inteqrasiyası üzərində işlənilir. Bankçılıqdan kənar xidmətlərin (“beyond banking”) əlçatan olması istiqamətində də işlər aparılır.
Eyni zamanda 2024-cü ildə biz yeni bir seqment – kiçik bizneslər və sahibkarlar üçün tamamilə rəqəmsal olan “ABB Biz” tətbiqini təqdim etmişik. Həmin tətbiq üzrə də bir sıra yeniliklər planlaşdırılır".