30 iyun 2025-ci il tarixinə Azərbaycan Beynəlxalq Bankının (ABB) müştərilərə verdiyi kreditlərin həcmi 6 milyard 642 milyon 657 min manata çatıb.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bu, 2024-cü ilin sonu ilə müqayisədə 291 milyon 856 min manat və ya 4,6% artım deməkdir.
Kredit portfelinin tərkibində ən böyük paya sahib olan biznes kreditlərinin həcmi 131 milyon 262 min manat və ya 4,2% artaraq 3 milyard 240 milyon 508 min manata yüksəlib.
Bankın istehlak kreditləri portfeli 128 milyon 744 min manat və ya 7,2% artaraq 1 milyard 927 milyon 452 min manat təşkil edib. Daşınmaz əmlak kreditləri isə 31 milyon 850 min manat və ya 2,2% artaraq 1 milyard 474 milyon 697 min manata çatıb.
Mümkün zərərlər üçün yaradılmış məqsədli ehtiyatların həcmi 549 milyon 161 min manat təşkil edib. Nəticədə, bankın xalis kredit portfeli 229 milyon 434 min manat və ya 3,9% artaraq 6 milyard 93 milyon 496 min manat olub.
Xatırladaq ki, 31 dekabr 2024-cü il tarixində ABB-nin ümumi kredit portfeli 6 milyard 350 milyon 801 min manat, xalis kredit portfeli isə 5 milyard 864 milyon 62 min manat təşkil etmişdi.