Almaniyanın avtomobil istehsalçısı “Mercedes-Benz” ölkədə avtomobil istehsalının yüksək maya dəyəri və əməkhaqqı xərclərinin azaldılması ilə bağlı razılığın əldə olunmaması səbəbindən Almaniyadakı müəssisələrinə bütün yeni investisiyaları dayandırmaq qərarına gəlib. Şirkət zavodların bağlanması imkanını da nəzərdən keçirir.
«BMW» və «Mercedes»in qara günləri başlayıb – Satış və mənfəət azalır, qənaətə keçiblər
FED.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, bu barədə şirkət rəhbərliyinin əməkdaşlara ünvanladığı daxili məlumatda bildirilib.
Noyabrın 12-də “Reuters”in əldə etdiyi və “Mercedes-Benz”in daxili şəbəkəsində yayımlanan məlumatda qeyd olunur ki, rəhbərlik istehsal xərclərinin azaldılması istiqamətində işçilər şurası və həmkarlar ittifaqı nümayəndələri ilə razılığa gələ bilməyib.
Şirkətin istehsal üzrə rəhbəri Mixael Şibe (Michael Schiebe) bildirib ki, Almaniyada avtomobil istehsalının yüksək maya dəyəri və xərclərin azaldılması ilə bağlı danışıqların nəticəsiz qalması investisiyaların dayandırılmasına səbəb olub.
Onun sözlərinə görə, rəhbərlik Almaniyadakı zavodlara bundan sonra bütün yeni investisiyaların dayandırılması barədə birgə qərar qəbul edib.
Almaniyada iki zavodun bağlanması ehtimalı artır
“Mercedes-Benz” artıq bir neçə aydır xərclərin azaldılması məqsədilə əməkdaşlarla danışıqlar aparır. Şirkət rəhbərliyi xüsusilə əmək xərclərinin aşağı salınmasını istehsalın rəqabət qabiliyyətinin qorunması baxımından vacib hesab edir.
Mixael Şibe hələ sentyabr ayında əməkdaşlara xəbərdarlıq etmişdi ki, xərclərin azaldılması istiqamətində irəliləyiş əldə olunmasa, Almaniyadakı iki zavodun bağlanması gündəmə gələ bilər. Şirkət rəhbərlərinin noyabrın 12-də yayımladığı yeni mesaj isə bu ehtimalın daha ciddi şəkildə nəzərdən keçirildiyini göstərir.
“Zavodların bağlanmasının qarşısını almaq istəyirik, lakin...”
“Mercedes-Benz”in İdarə Heyətinin üzvü Britta Zeeger (Britta Seeger) əməkdaşlara ünvanlanan daxili məktubda zavodların bağlanmasının şirkət rəhbərliyi üçün arzuolunmaz addım olduğunu vurğulayıb.
“Biz hamımız nəyin bahasına olursa-olsun zavodların bağlanmasından qaçmaq istəyirik. Lakin təəssüf ki, artıq bu variantı daha ətraflı nəzərdən keçirməliyik”, – deyə o bildirib.
Beləliklə, əmək xərclərinin azaldılması ilə bağlı danışıqlarda razılığın əldə olunmaması “Mercedes-Benz”in Almaniyadakı istehsal müəssisələrinin gələcəyi ilə bağlı qeyri-müəyyənliyi artırıb.
Hazırda şirkətin Almaniyadakı bütün yeni investisiyalarının dayandırılması qərara alınsa da, zavodların bağlanması ilə bağlı yekun qərar verildiyi açıqlanmayıb.













