Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə Azərbaycanda sərnişin və yük daşımaları həyata keçirən şəxslərə xəbərdarlıq edib.
İdarədən FED.az-a bildirilib ki, ölkədaxili sərnişin və yük daşımaları sahəsində dövlət nəzarətinin təkmilləşdirilməsi, bu fəaliyyət növü ilə məşğul olan hüquqi və fiziki şəxslərin mənafeyinin qorunması, eləcə də göstərilən xidmətin daha rahat və təhlükəsiz həyata keçirilməsini təmin etmək məqsədilə tədbirlər davam etdirilir.
Ölkəmizdə qeyri-müntəzəm daşıyıcıların qarşılaşdığı əsas problemlərdən biri xarici dövlət nömrə nişanlı avtobuslarla qanunsuz reyslərin həyata keçirilməsidir ki, bu da leqal daşıyıcıların rentabelliliyinə ciddi zərbə vurur.
Problemin aradan qaldırılması məqsədilə müvafiq təkliflər əsasında 01.10.2023-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə resbublika ərazisində ölkədaxili sərnişin və yük daşımalarının həyata keçirilməsi inzibati xəta hesab olunur.
Məcəlləyə əsasən sözügedən xətanı ilk dəfə törədən şəxslər 400 manat məbləğində, təkrar törədənlər isə 1000 manat məbləğində cərimə edilir.
Odur ki, bir daha belə fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslərdən xahiş olunur ki, qanunvericilikdə nəzərdə tutulmuş normalara ciddi riayət etsinlər.