Bakının avtomobil bazarında durğunluqdur. Bazara avtomobil satmağa çox az sayda adam gəlir.
Eləcə də bax: Yanvarın 1-dən köhnə avtomobillərə görə aksiz dərəcələri - ARTIRILIR
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib.
Onun sözlərinə görə, bir neçə ay əvvəl bazarda həftə sonu avtomobil həddən artıq çox olurdu:
"Ancaq son həftələr həm alıcıların, həm də satıcıların sayı kəskin azalıb. Avtomobil bazarında yaranan bu durğunluğun əsas səbəbi avtomobil qiymətlərinin artması ilə bağlıdır. Xüsusən dizel avtomobillərinin aksiz vergisinin artırılması, bu avtomobillərin ölkə daxilində qiymətinin 50% qalxmasına səbəb ola bilər. Bununla yanaşı, benzinlə işləyən avtomobillərin qiymətinin 20 % qalxması gözlənilir.
İlin əvvəli olduğundan avtomobil satanlarda, alanlarda gözləmə mövqeyindədir. Marta qədər maşın bazarında bu durğunluq davam edəcək",- deyə ekspert bildirib.
Qeyd edək ki, bu ildən Vergi Məcəlləsinə edilmiş növbəti dəyişikliyə əsasən, mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələrinin artırılması, habelə idxal olunan minik avtomobillərin istehsal tarixi 7 ildən artıq olduqda, hesablanmış aksiz məbləğinə benzin mühərrikli minik avtomobillərində 1,2, dizel mühərrikli minik avtomobillərində isə 1,5 yüksəldici əmsalın tətbiqi nəzərdə tutulub.
İdxal edilən və istehsal tarixi 7 ildən artıq olan minik avtomobillərinə münasibətdə hesablanmış aksiz məbləğinə yüksəldici əmsalların tətbiqi ilə yanaşı, elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı satışı, habelə istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı ƏDV-dən azad edilib.