Çinin nəhəng avtomobil istehsalçısı olan Şanxay Avtomobil Sənaye Korporasiyası (SAIC) öz istehsal prosesinə humanoid robotları cəlb edib.
Çin şirkəti bu il 20 minədək humanoid robot tədarük etməyi planlaşdırır
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə "Yicai" nəşri məlumat yayıb.
Artıq "Nenzai-1" adlı robot "Buick Electra E7" hibrid krossoverinin batareyalarının istehsal prosesində işə başlayıb.
Sözügedən android "SAIC-GM" (SAIC ilə "General Motors"un birgə müəssisəsi) və "AgiBot" şirkətlərinin müştərək səyləri nəticəsində ərsəyə gətirilib.
Mərkəzi Şanxay şəhərində yerləşən SAIC Çinin ən iri avtomobil korporasiyaları sırasında yer alır. Şirkət "Roewe", "MG", "IM", "Maxus" kimi avtomobillər, o cümlədən "Sunwin" avtobusları daxil olmaqla müxtəlif nəqliyyat vasitələrinin istehsalını həyata keçirir. Eyni zamanda, SAIC "General Motors" və "Volkswagen" konsernləri ilə ortaq müəssisələrə sahibdir.
Qeyd edək ki, Çinin avtomobil sənayesində humanoid robotların test edilməsi artıq geniş yayılmış trenddir. Belə ki, mart ayının əvvəllərində "Xiaomi" texnologiya nəhəngi də öz avtomobil zavodunda insanabənzər robotların sınaqlarına start vermişdi. Bununla yanaşı, qlobal miqyasda ən böyük elektromobil batareyası istehsalçısı olan CATL 2025-ci ilin dekabrında öz fabriklərində bu cür robotların tətbiqinə başlayıb. (Oxu.az)











