Nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov “Yol Hərəkəti haqqında” Qanuna edilmiş son dəyişikliyin mopedlərə deyil, motosikletlərə aid olduğunu bildirib.
Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi - TƏLƏB OLUNACAQ
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ekspert dünən Milli Məclisdə müzakirə olunaraq 1-ci oxunuşda qəbul olunan layihədə motosikletlərə aid meyarlardan birinin dəqiqləşdirildiyini deyib: “Bu qanunu yaxşı bilənlərə məlumdur ki, 1-ci maddənin 27-ci bəndində mopedə anlayış verilib. Bu normativ anlayışa əsasən, moped iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsidir. Yəni heç bir halda mopedin daxili yanma mühərrikinin iş həcmi 50 kub santimetrdən, maksimum konstruksiya sürəti isə 50 km/saat-dan yuxarı ola bilməz. Əgər bu kəmiyyətlərdən biri aşılarsa, belə texnika artıq moped yox, motosikletdir”.
Ə.Hüseynov qeyd edib ki, “Yol Hərəkəti haqqında” Qanunun 27-ci maddəsinin 2-ci hissəsində dövlət qeydiyyatına alınmalı olan mexniki nəqliyyat vasitəsinin meyarı kimi daxili yanma mühərrikinin iş həcminin 50 kub santimetrdən, maksimum konstruksiya sürətinin isə 50 km/saat-dan az olmaması barədə normada bu iki meyar arasında vergül işarəsi qoyulub: “Hüquq normasını düzgün təfsir etməyənlər düşünürdülər ki, texnikada bu iki meyarın hər ikisi olmalıdır ki, o motosiklet sayılsın. Lakin bu düzgün təfsir deyil, çünki normaları təfsir edərkən sadəcə vergül işarəsinə yox, həm də başqa normaların sistemli təhlilinə də diqqət ayrılmlıdır. Belə edəndə isə tam aydın olur ki, əgər bu texnikanın daxili yanma mühərrikinin iş həcmi 50 kub santimetrdən, maksimum konstruksiya sürətinin isə 50 km/saat-dan az deyilsə, bu moped yox, motosikletdir. Motosiklet olduqda isə dövlət qeydiyyatı, nömrə verilməsi, onu sürənin isə ən azı “A1” altkateqoriyalı sürücülük vəsiqəsi məcburidir. Dünən müzakirə edilmiş dəyişiklik həmin bəduğur vergüldən sonra “yaxud” sözünün əlavə edilməsindən ibarətdir. Belə edildikdən sonra daha heç kəs yanlış təfsir etməyəcək və qəti əmin olacaq ki, əgər bu texnikanın daxili yanma mühərrikinin iş həcmi 50 kub santimetrdən, yaxud maksimum konstruksiya sürəti 50 km/saat-dan az deyilsə, bu moped yox, motosikletdir. Deməli, onun dövlət qeydiyyatı (nömrəsinin və qeydiyyat şəhadətnaməsinin olması) və onu idarə edənin uyğun sürücülük vəsiqəsinin (“A1” altkateqoriyalı və “A” kateqoriyalı) olması məcburidir”.
Ekspert əlavə edib ki, qanunda edilmiş dəyişikliyin mopedlərə heç bir aidiyyəti yoxdur. Mopedləri yenə də qeydiyyatsız (nömrəsiz) və vəsiqəsiz sürmək mümkün olacaq: “Sadəcə olaraq real konstruksiya sürəti 50 km/saat-dan çox olan (bəzən hətta 80-90 km/saat olan), lakin mühərrikinin iş həcmi 50 kub santimetrdən az olduğuna görə indiyə qədər yanlışlıq səbəbindən qeydiyyata alınmayan kiçik motosikletlər də qeydiyyata alınacaq, onları idarə edənlərdən sürücülük vəsiqəsi tələb olunacaq. Amma bu layihə qüsursuz da deyil. Birincisi, real konstruksiya sürəti 50 km/saat-dan çox olan, motosikletə bənzər elektrik mühərriklli nəqliyyat vasitələri də var. Ona görə də yaxşı olardı ki, daxili yanma mühərrikinin iş həcmi ilə yanaşı, mühərrikin gücü də Qanuna daxil ediləydi.
İkincisi, həmin ikitəkərlilərin spidometrində bəzən maksimal kəmiyyət olaraq 60, 70, 80 ədədləri olur, lakin onların real sürəti 50 km/saat-dan az olur. Belə halda qeydiyyat zamanı real sürət necə müəyyən ediləcək? Qanunda bu da olsaydı, yxşı olardı (real sürətin istehsalçının verdiyi texniki sənədlər, xüsusən də sertifikat əsasında müəyyən edilməsi daha doğru olar, belə sənəd olmadıqda isə real sürət xüsusi sınaq yolu ilə müəyyən edilə bilir).
Üçüncüsü, bu dəyişiklik mopedlə və digər mühərrikli mikromobillik vasitələri ilə bağlı məsələni həll etmədi. Əslində isə həmin vasitələrin yol hərəkətində iştirakla bağlı statusuna, onlardan istifadə qaydasına aydınlıq gətirilməlidir”.