May ayında Azərbaycanda minik avtomobillərinin istehsalı bərpa olunmayıb.
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2020-ci ilin yanvar-may ayları ərzində məlumatında qeyd olunur.
Eləcə də bax: Avtomobil bazarında son durum - PANDEMİYANIN QİYMƏTLƏRƏ TƏSİRİ
Apreldə minik avtomobil istehsalı dayandırılıb.
Yanvar-mayda 672 ədəd minik avtomobili istehsal edilib (2019-cu ilin 5 ayı ilə müqayisədə azalma 27%), bu da martın sonuna olan göstəriciyə uyğundur.
1 iyun 2020-ci il tarixinə anbarlarda 67 ədəd minik avtomobili var.
Bundan başqa, may ayında traktor istehsalı da dayandırılıb. Yanvar-may aylarında Azərbaycanda 105 ədəd müxtəlif təyinatlı traktor istehsal edilib(2019-cu ilin analoji dövrünün göstəricisindən 82% az). 2020-ci il iyunun 1-nə anbarlarda 271 ədəd traktor var.
Azərbaycanda (Neftçala, Gəncə və Naxçıvanda) avtomobil istehsalı üzrə 3 zavod fəaliyyət göstərir. Eyni zamanda, Gəncə avtomobil zavodunda kənd təsərrüfatı texnikası da istehsal olunur. Hazırda avtomobil istehsalı yalnız Neftçala avtomobil zavodunda həyata keçirilir.
Ortamüddətli perspektivdə Azərbaycanda avtomobil istehsalının ildə 5 min ədədə çatdırılması nəzərdə tutulur.
2019-cu ildə Azərbaycanda 2,36 min ədəd minik avtomobili istehsal edilib, bu da 2018-ci ilin göstəricisindən 2,4 dəfə çoxdur. 2019-cu ildə Azərbaycanda 905 ədəd müxtəlif təyinatlı traktor istehsal edilib (azalma 30,5%).
Martın 24-dən Azərbaycanda COVİD-19 səbəbindən xüsusi karantin rejimi qüvvədədir. Karantin iyulun 1-dək qüvvədə qalacaq, lakin aprelin 27-dən Azərbaycan hökuməti karanrinin 4 mərhələdə yumşaldılmasını reallaşdırıb.