Xəbər verildiyi kimi, prezident İlham Əliyev "Toxumçuluq haqqında" qanunu təsdiqləyib.
FED.az xəbər verir ki, yeni qanunda bir sıra ciddi yeniliklər əkini tapıb, indiyədək qeydri müəyyən olan hallar dəqiqləşdirilib. Ölkənin toxum bazarı ilə bağlı təhlükəsizlik çərçivələri dəqiqləşdirilib.
Eyni zamanda ilk dəfə olaraq ting kateqoriyaları da hüquqi tənzimləməyə daxil edilib. Bununla yanaşı, sahədə istifadə olunan anlayışların dairəsi genişləndirilib, dövlət tənzimlənməsi mexanizmləri təkmilləşdirilib və toxumçuluq fəaliyyəti istehsaldan son istifadə mərhələsinədək vahid hüquqi çərçivədə əhatə olunub.
Layihədə ilk dəfə tətbiq edilən "toxum əməliyyatçısı" anlayışı toxum istehsalı, emalı, tədarükü, saxlanması, daşınması, ticarəti, idxalı və ixracı ilə məşğul olan bütün subyektləri əhatə edir. Bu yanaşma sahədə nəzarət mexanizmlərinin daha səmərəli qurulmasına və mövcud boşluqların aradan qaldırılmasına xidmət edir.
Qanuna əsasən genetik modifikasiya olunmuş (GMO) toxumlarının ticarət dövriyyəsinə buraxılması qadağan edilir, onların müəyyənləşdirilməsi məqsədilə molekulyar-bioloji ekspertizanın aparılması nəzərdə tutulur. Aşkarlanmış GMO toxumlarının məhv edilməsi ilə bağlı xərclər isə həmin toxumların sahibləri tərəfindən ödəniləcək.
Yeni qanunun mühüm yeniliklərindən biri də toxumçuluq sahəsində elektron reyestrin yaradılmasıdır. Elektron reyestr vasitəsilə fermerlər və digər maraqlı şəxslər sertifikatlaşdırılmış toxumların sort və səpin keyfiyyəti, bioloji və iqtisadi göstəriciləri barədə operativ və etibarlı məlumat əldə edə biləcəklər.
Qanuna əsasən, toxumçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər toxumçuluq üzrə mütəxəssisin təhsil sənədini, əkin sahələri, anbar və saxlanc yerləri, kənd təsərrüfatı texnikası və toxum emalı avadanlıqları barədə məlumatları təqdim etməlidirlər.
Orijinal və elit toxum istehsalı ilə məşğul olan subyektlər üçün isə seleksiyaçı nəzarətinin təmin edilməsi və aqronomla əmək münasibətlərinin rəsmiləşdirilməsi kimi əlavə tələblər müəyyənləşdirilir.
Qanuna əsasən, toxum əməliyyatçıları risk səviyyəsinə görə yüksək, orta və aşağı olmaqla üç qrupa bölünəcək. Dövlət nəzarəti və yoxlamalar risk əsaslı yanaşma əsasında həyata keçiriləcək ki, bu da resurslardan daha səmərəli istifadə edilməsinə, eyni zamanda sahibkarlıq subyektlərinin əsassız yoxlanılmasının qarşısının alınmasına imkan verəcək.
Yeni qanunla toxumçuluq sahəsində elektron xidmətlərin genişləndirilməsi, rəqəmsal idarəetmənin gücləndirilməsi və orijinal, eləcə də elit toxum istehsalına özəl sektorun daha fəal cəlb olunması da hədəflənir.
Qanunun qəbul edilməsi nəticəsində:
* toxum bazarının inkişafı və idxal-ixrac mexanizmlərinin təkmilləşdirilməsi;
* yerli toxum istehsalının təşviqi və idxaldan asılılığın azaldılması;
* toxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər üçün daha şəffaf qeydiyyat sisteminin formalaşdırılması;
* seleksiya nailiyyətləri üzrə müəllif hüquqlarının və lisenziya münasibətlərinin daha effektiv qorunması;
* ting istehsalı, sertifikatlaşdırılması və digər əlaqəli fəaliyyət istiqamətlərinin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi;
* toxumçuluq sahəsində dövlət nəzarətinin gücləndirilməsi və keyfiyyət göstəricilərinin yüksəldilməsi;
* sahəni tənzimləyən normativ hüquqi sənədlərin hazırlanması istiqamətində hüquqi bazanın formalaşdırılması gözlənilir.












