Rusiyanın kənd təsərrüfatı sektoru gözlənilməz problemlə üzləşib: məhsul bol olsa da, onu xaricə çıxarmaq getdikcə çətinləşir.
FED.az xəbər verir ki, Reuters-in avqustun 27-də yaydığı məlumata görə, Qara dəniz və Azov dənizi üzərindən taxıl daşımalarının dayanması Rusiyanın daxili bazarında böyük məhsul artığı yaradıb və qiymətlərə təzyiq göstərir.
Başqa sözlə, indiyədək Qara dəniz və Azov dənizi ilə satılan taxıl Ukraynanın hücumlarə nəticəsində artıq satıla bilmir. Bu vəziyyət hökumətdən tutmuş fermerlərə qədər hamıya təsir etməyə başlayıb.
Xatırladaq ki, Rusiya dünyada ən böyük buğda ixracatçısıdır. Bu il ölkədə hələ mövsüm tam başa çatmamış 100 milyon tondan çox taxıl yığılıb. Müqayisə üçün, 2025-ci ilin ümumi məhsulu 141 milyon ton olmuşdu.
İndi isə bu sahədə heç kimin gözləmədiyi problem yaranıb. Əsas çətinlik logistika infrastrukturu ilə bağlıdır. Əvvəllər taxıl əçsasən Qara dəniz və Azov dənizindəki terminallar vasitəsilə həyata keçirilirdi. Bu terminallarla indiyədək Rusiyanın ildə təxminən 60 milyon tonluq taxıl ixracının 70%-ə qədəri edilirdi.
İndi isə bu mümkün olmadığından hökumət yükləri Baltik, Xəzər, Uzaq Şərq və hətta Şimal Dəniz Marşrutuna yönəltmə imkanlarını araşdırır. Lakin Rusiya Taxıl İttifaqının hesablamasına görə, yalnız Baltik istiqamətinə keçid hər ton məhsulun logistika xərcini əlavə 30–50 dollar (hər kiloqramda 3-5 sent) artırır.
Bu amil məhsulun son qiymətini bahalaşdıra və satışında problem yarada bilər. Ona görə də hökumət ixrac rüsumunun ilin sonunadək ləğvi, dəmir yolu daşımalarının subsidiyalaşdırılması, kreditlərin uzadılması və taxılın dövlət ehtiyatlarına alınması kimi tədbirlər nəzərdən keçirir.
Fermerlər isə daha radikal addım istəyirlər. “People's Farmer” assosiasiyası qışlıq əkin sahələrinin azaldılmasını təklif edib. Məqsəd gələn il də böyük məhsul alınaraq bazardakı artıq təklifin daha da böyüməsinin qarşısını almaqdır.
Kənd Təsərrüfatı Nazirliyi isə bu yanaşmanın ərzaq təhlükəsizliyinə risk yarada biləcəyini bildirir.
Biznes baxımından məsələ aydındır: məhsul çox olsa da, ixrac kanalı yoxdursa daxili qiymətlər aşağı düşür və fermerlərin gəlirliliyi zəifləyir. Qara dəniz logistikasının uzun müddət bərpa olunmaması Rusiyanın dünyanın ən böyük buğda ixracatçısı statusuna ciddi zərbə vura bilər.












