Kənd Təsərrüfatı Nazirliyi güzəşt tətbiq edilən kənd təsərrüfatı texnikalarının siyahısını genişləndirib. Yenilənmiş siyahıda 11 təyinat istiqaməti üzrə 60-dan artıq texnika və avadanlıq növü yer alıb.
FED.az xəbər verir ki, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev siyahıdakı yenilikləri belə şərh edib:
“Əgər fermer və sahibkarlar əvvəllər yalnız Aqrolizinq xətti ilə 40-a yaxın adda texnika və avadanlığı dövlət güzəşti ilə əldə edə bilirdisə, indi istədikləri təchizatçıdan kənd təsərrüfatı təyinatlı istənilən texnikanı güzəştlə alacaqlar. Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə hazırlanmış və dövlət başçısının təsdiqlədiyi siyahı kənd təsərrüfatı texnikası satışının liberallaşdırılması istiqamətində atılmış növbəti əhəmiyyətli addımdır. Genişlənmiş siyahı fermer və sahibkarlara ölçüsündən və qiymətindən asılı olmayaraq istədikləri texnika və avadanlığa dəyərinin 40%-i dövlət tərəfindən ödənilməklə sahib olmaq imkanı verir”.
Agentlik sədri xatırladıb ki, dövlət başçısının 19 dekabr 2018-ci il tarixli Fərmanı ilə təsdiqlənmiş qaydalara görə, kənd təsərrüfat texnikasını kreditlə götürmək istəyənlərin əvəzinə dəyərin 40%-i təchizatçıya dövlət tərəfindən ödənir, qalan məbləğin 20%-ni alıcı ilkin ödəniş edir. Texnikanın qiymətinin yerdə qalan 40%-i məbləğində alıcıya güzəştli kredit xətti açılır, lakin kreditin faizləri dövlət tərəfindən banka köçürür, texnika sahibi isə yalnız əsas məbləği 5 ilədək müddətdə hissə-hissə ödəyir.
Kənd təsərrüfatı texnikası alışına tətbiq edilən dövlət güzəştləri barədə ətraflı məlumat akia.gov.az saytında yerləşdirilib.