Aqrar sektorun transformasiyası çərçivəsində əsas meyvə-tərəvəz məhsulları ilə yanaşı, ölkəmizin nisbətən isti iqlim şəraitində geniş sahələrdə (2025-ci ilin əvvəlinə ərik bağlarının sahəsi 3,9 min hektardan çox təşkil edib) yetişdirilən əriyin ixracında kəskin artım qeydə alınıb.
"1 hektar meyvə bağı 1 hektar taxıl sahəsindən daha çox gəlir gətirir"
FED.az xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycan 8,1 milyon dollar dəyərində 7,1 min ton təzə ərik ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə həm dəyər ifadəsində, həm də həcm ifadəsində 3 dəfədən çoxdur.
Azərbaycanın əsas ixrac bazarı Rusiya olub. Bununla yanaşı, yerli ərik Ukrayna, Belarus, Serbiya, Moldova, Qazaxıstan, Gürcüstan və BƏƏ-yə ixrac olunub.
Azərbaycanın kənd təsərrüfatı sektoru son illərdə müasir idarəetmə, innovativ texnologiyalar və ixracyönümlü tədbirlər nəticəsində sürətlə inkişaf edir. Bu dinamik irəliləyiş ölkəmizin qeyri-neft ixracında kənd təsərrüfatı məhsullarının payının artmasına, eləcə də yeni bazarlara çıxışı zamanı rəqabət üstünlüyü qazanmasına şərait yaradıb.
Son illər tətbiq edilən subsidiyalar, ixrac əməliyyatlarının stimullaşdırılması, habelə beynəlxalq sərgi və yarmarkalarda yerli məhsulların tanıdılması ölkə məhsullarına xarici bazarlarda marağı artırıb. Bu proses meyvə-tərəvəz ixracına müsbət təsir göstərib. Belə ki, cari ilin ilk 3 rübündə ölkəmizin meyvə-tərəvəz ixracının dəyəri 602,5 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 31 faiz çoxdur. Hesabat dövründə bu kateqoriyada ixracın əsasını formalaşdıran məhsullar – tomat (157,2 milyon dollar, 13 faiz artım), şaftalı (110,5 milyon dollar, 61 faiz artım), meşə fındığı (100,4 milyon dollar, 38 faiz artım), alma (50,2 milyon dollar, 46 faiz artım), çiyələk (39,8 milyon dollar, 51 faiz artım) və xurmanın (34,1 milyon dollar, 17 faiz artım) tədarükündə də artım müşahidə olunur. (Azərtac)









