Azərbaycanda kəndə təsərrüfatı sahəsində qiymətləndirmə xidmətləri və qiymətləndiricilərin fəaliyyətində yeniliklər gözlənilir.
Kənd Təsərrüfatı Nazirliyi yem sənayesinə vergi güzəştlərinin ölkəyə təsirini - AÇIQLAYIB
FED.az xəbər verir ki, bu məsələlər Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Orucla Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) rəhbərliyi arasında görüşdə müzakirə edilib.
Görüşdə kənd təsərrüfatı sahəsində qiymətləndiricilərin fəaliyyəti və bu sahədə nəzərdə tutulan yeni tələblər, gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, son illər ölkədə aqrar sahəyə, kənd təsərrüfatına maraq kəskin artıb, bu sahədə yeni biznes münasibətləri yaranır. Hazırda bölcələrdə aqrar təsərrüfatlara - əkin sahələri və heyvandarlıq təsərrüfatlarına böyük məbləğdə vəsaitlər yatırılır, böyük həcmdə kənd təsərrüfatı texnikası alınır, soyuducu anbarlar və istixanalar tikilir. Eyni zamanda bu sahəyə dövlətin dəstəyi və ya krelit təşkilatlarının öz vəsaitləri hesabına böyük həcsdə kreditlər ayrılır.
Bütün bu proseslərdə maliyyə kredit münasibətlərinin və kreditlərin təminatının düzgün qiymətləndirilməsi tələb olunur.
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vuqar Oruc başda olmaqla, görüşdə bu məsələlər ətraflı müzakirə edilib.
Görüşdə xatırladılıb ki, AKİA-da qeydiyyatda olan və ona xidmət göstərən müvəkkil qiymətləndirici təşkilatlar həm də AQC-nin üzvləridir. Toplantıda iki qurumun bütün mümkün istiqamətlər üzrə əməkdaşlıq etməsi barədə razılıq əldə edilib.
Vüqar Oruc bildirib ki, bu işlərin – aqrar sahədə qiymətləndirmənin daha keyfiyyətli aparılması üçün yeni metodologiyanın hazırlanması nəzərdə tutulur.
Əldə edilən razılığa əsasən kənd təsərrüfatı məhsulları, texnika və avadanlıqların qiymətləndirilməsi üzrə vahid elmi metodiki bazanın yaradılması sahəsində AQC AKİA-ya dəstək verəcək.
Eyni zamanda AKİA qiymətləndirmə bazarının tənzimlənməsi, şəffaflaşdırılması və təsadüfi qurumlardan qurtulması istiqamətində öz dəstəyini əsirgəməyəcək.
Görüşdə əldə edilən razılığa əsasən, AKİA-nın müvəkkil təşkilatları – qiymətləndiriciləri sırasına daxil olmaq istəyən qurumlar qarşısında AQC-nin üzvü olması tələbi qoyulacaq.
«Bizim fikrimizcə, AKİA ilə əməkdaşlıq edən şirkətlər beynlxalq qiymətləndirmə standartlarının tələblərinə və Azərbaycan milli standartlarının tələblərinə, o cümlədən AQC-nin ortaya qoyduğu prinsiplərə əməl etməli, hesabatlılıq və sair tələblərə cavab verməlidir – görüşdə bu barədə ciddi razılaşma əldə edildi»-deyə AQC-nin sədri Vüqar Oruc AKİA ilə görüşün nəticələrini FED.az-a şərh edərkən bildirib.
Görüşdə tərəflərin koordinasiyalı fəaliyyət imkanları da müzakirə edilib. Razılıq əldə edilib ki, AKİA rəhbərinin hər 3 aydan bir sahibkarlıq qurumları ilə keçirdiyi görüşlərdə AQC-də iştirak edəcək və mütəmadi görüşlər keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti ölkənin ən böyük qeyri-hökumət təşkilatlarından biridir, sıralarında 50-yə yaxın şirkəti birləşdirən təşkilatın 100-ə yaxın üzvü var.
FED.az xatırladır ki, AQC-nin may ayında keçirilən konfransında vacib qərarlar qəbul olunub, qurumun yeni rəhbərliyi seçilib. Cəmiyyətin dövlət qurumları, assosiativ təşkilatlar, qeyri-hökumət təşkilatları ilə əlaqələrini genişləndirmək niyyətində olduğunu bəyan edən V.Oruc AKİA ilə əməkdaşlığın xüsusi əhəmiyyətini qeyd edib.
Görüşdə həmçinin AQC-nin İdarə Heyətinin üzvləri Ramil Osmanlı, Fərid Rüstəmov və Pərviz Qulami çıxış ediblər.