Azərbaycanda rayon və şəhərlərdə dövlət aqrar inkişaf mərkəzləri yaradılacaq.
FED.az xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin institusional fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər və “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” fərmanda əksini tapıb.
Fərmanda qeyd edilib ki, Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid idarəçiliyinin təmin edilməsi və koordinasiyasının səmərəli təşkili, aqrar sahədə xidmətyönlü fəaliyyətin qurulması, fermerlərlə işin gücləndirilməsi, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmənin həyata keçirilməsi, kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinin istiqamətləndirilməsi məqsədi ilə nazirliyin rayon və şəhər idarələri əsasında dövlət aqrar inkişaf mərkəzləri yaradılacaq. Kənd Təsərrüfatı Nazirliyinə dövlət aqrar inkişaf mərkəzlərinin əsasnaməsini təsdiq etmək, onların fəaliyyətinin monitorinqi və qiymətləndirilməsi ilə bağlı müvafiq sistemin qurulmasını təmin etmək tapşırılıb.