Bu ilin yanvar-may aylarında Azərbaycanda 3 milyard 352 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.
AMB rəsmisi: "Bankların aqrar sektora kreditləri 1,5 milyard manatı keçib"
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 % çoxdur.
Son bir ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 7,4 % artaraq 783 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 1,7 % artaraq 2 milyard 569 milyon təşkil edib.
Ölkədə kənd təsərrüfatı məhsullarının yığımına başlanılıb. İyunun 1-nə kimi tarlalardan 89 min ton taxıl (1 il əvvələ nisbətən 8,5 % çox), 160,2 min ton kartof (6,9 % az), 429,4 min ton tərəvəz (11,5 % çox), 33,6 min ton meyvə və giləmeyvə (14,2 % çox), 453,5 ton yaşıl çay yarpağı (8,6 % az) yığılıb.
5 ay ərzində diri çəkidə 230,8 min ton ət, 915,1 min ton süd, 983,5 milyon ədəd yumurta, 11,4 min ton yun istehsal olunub. Ötən ilin yanvar-may ayları ilə müqayisədə ət istehsalı 1,7 %, süd istehsalı 0,6 %, yumurta istehsalı 7,1 % artıb, yun istehsalı isə 2,6 % azalıb.