Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc Əlavə dəyər vergisi (ƏDV) üçün tətbiq olunan limitin artırılması təşəbbüsü ilə çıxış edib. AQC-nin İctimaiyyətlə Əlaqələr Departamentindən FED.az-a verilən məlumata görə, Azərbaycanda və dünyada qeydə alınan infilyasiya ƏDV ilə bağlı sahibkarlara tətbiq olunan limitin artırılmasını qaçılmaz edir.
AQC sədrinin adından müvafiq qurumlara ünvanlanan müraciətdə deyilir:
Mövcud qanunvericiliyə görə, Azərbaycanda illik dövriyyəsi 200 min manat həddini keçən kiçik və orta sahibkarlıq subyektləri Əlavə dəyər vergisi ödəyicisinə çevrilirlər. Belə olduğu təqdirdə Mənfəət və sadələşdirilmiş vergi ödəyiciləri ilə müqayisədə ƏDV ödəyiciləri təqribən 2,5-3 dəfə artıq məbləğdə vergi ödəyirlər. Bəzi hallarda isə sahibkarlıq subyektləri daha artıq vergi ödəməkdən yayınmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər. Nəticə etibarilə həm dövlət büdcəsi zərərə uğrayır, həm də sahibkarlar artıq xərcə düşürlər. Eləcə də bu ödənişləri bir çox hallarda kommersiya subyektləri qiymətləri qaldırmaq hesabına kompensasiya etməyə çalışırlar. Bu da öz növbəsində istehlakçılara zərbə vurur.
Prezident İlham Əliyev kiçik və orta biznes subyektlərinin (KOB) fəaliyyətinin artırılması, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması barədə müvafiq sərəncam və tapşırıqlar verib. İqtisadiyyat Nazirliyinin nəzdində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) təsis olunub. Paytaxtda və regionlarda KOBİA-nın müvafiq bölmələri (KOB evləri) yaradılıb. Bu agentliyin fəaliyyəti nəticəsində dövlət qurumları ilə özəl sektor təmsilçiləri arasında münasibətlər yüksəlib, keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Assosiativ biznes qurumları həm qanunvericilik bazasının formalaşmasında iştiraka, həm də dövlət subyektləri ilə dialoq platformasına cəlb edilib.
Hesab edirəm ki, kiçik və orta biznes subyektlərinin (KOB) fəaliyyətini artırmaq, onları izafi xərclərdən azad etmək, vergi yayınmalarının qarşısını almaq, sahibkarları və investorları stimullaşdırmaq baxımından, habelə sağlam rəqabət mühitinin formalaşmasına dəstək vermək məqsədilə Əlavə dəyər vergisi (ƏDV) üçün tətbiq olunan limit artırılsın. Nəzərə alanda ki, 2015-c ildə ƏDV üçün tətbiq olunan limit 160 min manatdan 200 min manata yüksəldilib və ondan sonra bu rəqəm olduğu kimi saxlanılıb, bununla bağlı qərara yenidən baxılması məqsədə müvafiqdir. Bu müddətdə isə kifayət qədər infilyasiya baş verib, bütün növ məhsul və xidmətlərin qiymətləri dəfələrlə artıma məruz qalıb.
Ötən dövr ərzində 2015-ci ildə 116 AZN təşkil edən minimum əmək haqqı məbləği 300 AZN-ə qədər yüksəlib, rəsmi məlumatlara görə, manat ortalama 2016-cı ildə 12,4, 2017-ci ildə 12,9, 2018-ci ildə 2,3, 2019-cu ildə 2,6, 2020-ci ildə 2,8, 2021-ci ildə isə 6,7 faiz infilyasiyaya məruz qalıb. Biznes strukturlarının işçi, ofis və cari xərcləri 2-2,5 dəfə yüksəlib. Bütün bunlar biznes subyektləri arasında mənfəətin azalmasına, dövriyyənin vergidən yayınması meyllərinin artımına gətirib çıxarıb. Qeyd olunanları rəhbər tutaraq, Əlavə dəyər vergisinin (ƏDV) kiçik və orta biznes subyektləri üçün nəzərdə tutulan limitinin 200 min AZN-dən ilkin olaraq 300 min AZN-ə qaldırılmasını təklif edirəm. ƏDV-dən yenidən mənfəət ödəyicisinə qayıtmaq həddinin 100 min AZN-dən 200 min AZN-ə, müddətin isə bir (1) ildən altı (6) aya qaldırılması təşəbbüsü ilə çıxış edirik. Hesab edirəm ki, bu qərar Prezident İlham Əliyev tərəfindən həyata keçirilən kompleks və instusional islahatlar kursuna müvafiq olmaqla yanaşı, kiçik və orta biznes subyektlərinin qarşısında geniş imkanlar açacaq.