Ağdamda yaradılan Sənaye Parkına yatırım edəcək iki şirkət məlum olub. Həmin sahibkarlara sənaye parkının rezidentliyi statusu verilib.
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyində keçirilən tədbirdə “Dadaş-N” MMC və “Veliev” MMC şirkətlərinə Sənaye Parkının rezidenti olması barədə qeydiyyat şəhadətnaməsi verilib.
Azərbaycanda bu rayonlar ləğv edilir - SİYAHI
Bu iki şirkət Ağdamda sintetik xalça və dəmir beton məmulatları istehsal edəcək. Müxtəlif çeşiddə sintetik xalçaların istehsalı ilə məşğul olacaq “Dadaş-N” MMC Ağdam Sənaye Parkında 2 hektar ərazidə fabrik inşa edəcək. İnvestisiya dəyəri 9,5 milyon manat olan layihə çərçivəsində il ərzində 1 milyon kvadratmetrdən çox xalça istehsalı, 60 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.
İş adamı: “Dedi, 1-in arxasına beş sıfır qoy, cənab nazirin göstərişidir…”
Ağdam Sənaye Parkının digər yeni rezidenti “Veliev” MMC isə burada “Prefabrik dəmir-beton məmulatları istehsalı” həyata keçirəcək. Layihə çərçivəsində körpülərin, sənaye və yaşayış binalarının tikintisi üçün gərginləşdirilmiş dəmir beton tirlərin, kirişlərin, fermaların, döşəmə panellərinin, üfüqi su novlarının, dəmir beton dirəklərin, müxtəlif növ hasarların, kanalizasiya borularının, səki və divar daşlarının, yaşayış binalarının tikintisi üçün izolyasiyalı panellərin və sair istehsalı nəzərdə tutulur.
Dəyəri 2,5 milyon manat təşkil edən layihə çərçivəsində il ərzində 200 min kvadratmetr dəmir beton məmulatlarının istehsalı planlaşdırılır. Müəssisədə 80 daimi iş yeri yaradılacaq. Türkiyə və yerli texnologiyalardan istifadə ediləcək müəssisədə istehsal olunan məhsullar əvvəlcə daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək.
Ağdam Sənaye Parkı prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılıb. Sənaye Parkında tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və sair təşkili nəzərdə tutulur.