Azərbaycanın daşınmaz əmlak bazarında baş verən dəyişikliklər özünü paytaxt Bakı ilə yanaşı, bölgələrdə də göstərir.
Bakıda ən ucuz evlər buradadır - Qiymətlər 30 min manatdan başlayır - VİDEO
İqtisadi aktivliyin artması, xüsusilə turizmin və ticarətin çoxalması ilə bölgələrdə də qiymətlər dəyişir.
FED.az ölkənin qərb rayonları arasında aktivliyi ilə seçilən Tovuz rayonunda əmlakın qiymətlərini araşdırıb.
Tovuzda əmlak qiymətləri Bakıdakı kimi olmasa da, təqribən Gəncəyə yaxınlaşıb.
Torpaq sahələri – 4-5 min manatdan 250 min manata qədər
Tovuzda torpaqların qiyməti geniş aralıqda dəyişir.
Maklerlik fəaliyyəti ilə məşğul olan Fərid Orucov bildirir ki, rayonun kəndlərində torpaqların qiyməti 1 sot üçün 500-1000 manat arasında təklif olunur. Amma rayonun özünə yaxınlaşdıqca qiymətlər artır.
Əmlak satıcısı Elçin Məmmədov FED.az-a bildirir ki, Qazqulu kəndi ətrafında torpağın sotu 2 min manat, Yuxarı Öysüzlüdə 1800 manat, Bozalqanlı kəndində Avtovağzal tərəfdə 3 min manatdırsa, çay kənarı ərazilərdə 1500-2000 manat arası dəyişir. Rayonun mərkəzinə yaxın kəndlərində qiymətlər 1800-2000 min manat arasındadır.
Rayonun mərkəzində ev tikmək üçün torpağın qiyməti daha yüksəkdir və bu rəqəm 3-4 min, hətta 5 min manat arası dəyişir.
Şəhərin əsas küçələrindən olan H.Əliyev prospektində və İcra Hakimiyyətinin yaxınlığında qiymətlər 10-20 min manata yüksəlir.
Obyekt tikintisi üçün torpaq sahələri daha bahalıdır - 200-250 min manata təklif olunan torpaq sahələri daha çox obyekt tikmək nəzərdə tutulur. Belə torpaq sahələri H.Aslanov küçəsində var, bu küçədə çoxlu mağaza və obyektlər yerləşir.
Fərdi evlər – 20 mindən 60-70 min manatadək
Tovuzda yaşayış evlərinin – həyət evlərinin qiyməti 20-30 manatdan başlayır, 60-70 min manatadək yüksəlir. Rayonun kəndlərində şəraitindən asılı olaraq 20-30 min, hətta 40 min manata kimi evlər var.
Turistik əhəmiyyətli kəndlərdə isə qiymətlər yenə bahalaşır və 40-50 min, hətta 60 min manata təklif olunur. Bu cür yerlərdə hətta uçuq və kritik vəziyyətdə evlər belə ətraf mənzərəsinə, təbiətinə görə 35-40 min manata kimi təklif oluna bilər.
Şəhərin içində isə həyət evləri ən aşağısı 40-50 min manatdır. Mərkəzdə hazır tikili evlərin qiyməti 50-55 min manata, mərkəzdə isə 60-70 min manatdır.
Bina evləri - mənzillər
Tovuzda bina evlərinin qiyməti stabil olaraq 45-50-60 min manat arasında dəyişir. Rayonda binalarda 2 otaqlı evlərin sayı daha çoxdur, onların qiyməti 40-45 min arasındadır. Nisbətən az olan 3 otaqlılar isə 60-65 min manat arası dəyişir. Ən çox tələbat rayon mərkəzində, İcra Hakimiyyətinə yaxın olan binalardadır. Mərkəzdə H.Aslanov küçəsində bir neçə binada satlıq evlər 40-50-60 min manat arasındadır.
Qiymətlərə mənzillərin şəraiti də təsir göstərə bilər. Belə ki, şəraitsiz-təmirsiz 3 otaqlı mənzil 40 min manata təklif edildiyi halda, hər cür şəraiti olan 2 otaqlı mənzil 60 min manata təklif edilə bilər.
Kirayə mənzillər
Mənzil bazarında kirayə haqqı 200 manat olan evlərin şəraiti aşağıdır. Nisbətən şəraitli evlərdə isə qiymətlər 250-300 manat, bəzən bundan da yüksək ola bilər. Mənzil qiymətində otaq sayı ciddi rol oynamır, qiymətlərə daha çox təmir və şərait təsir edir. Yayda turist gəlişi zamanı evlərin kirayəsi daha da arta bilər.
Rayonda evlərin gündəlik kirayə verilməsi kimi də bir məqam var. Qonaq sayından asılı olaraq evin vəziyyətindən asılı olaraq qiymətlərdə dəyişikliklə ola bilər. Məsələn, 6-7 nəfər qonaq kimi gəldikdə lüks evlərdə gündəlik kirayə haqqı 80-90 manat, 3-4 nəfər üçün isə kirayə haqqı 30-40 manat arası ola bilər.
Yay dövründə qiymətlərin bu civarda olması normal vəziyyətdir. Lakin, qışa doğru getdikcə qiymətlərdə azalma müşahidə edilə bilər. Bu mənada qiymətlər 200-250 manat arasında dəyişir.
Obyektlərin icarəsi
Qeyri-yaşayış binalarının (obyektlərin) kirayəsinin vəziyyətinə gəldikdə, yol kənarında olan obyektlərin icarə qiyməti 150-200 manat arası dəyişir, rayon mərkəzinə yaxınlaşdıqca 80-100 kvadrat metrlik obyektlərin icarəsi isə 250-300 manat təşkil edir.
İri obyektlərin kirayə haqqı daha yüksək, 1000-1500 manat, hətta 3 000 manat ola bilər. Bu daha çox dükan və mağazalara aiddir. Bu qiymətə olan obyektlərə bazarətrafı yol kənarında, Heydər Əliyev prospekti, Avtovağzal ətrafındakı mağazalar və İcra Hakimiyyətinin yaxınlığındakı obyektlər daxildir.
Pay torpaqları: Qiymətlər suya görə dəyişir
Tovuz artıq çoxdan regionun və ümumiyyətlə ölkənin əsas kənd təsərrüfatı rayonlarından birinə çevrilib. Rayonda əkinə yararlı torpaqların icarə və satışı bazarı formalaşıb, qiymətlər torpaqda suyun olub olmamasından asılı olaraq dəyişir.
Belə ki, torpaqların icarə qiyməti suyunun olub-olmamasından asılı olaraq 1 hektar üçün 100-150 manatdan tutmuş 250-300 manatadək dəyişir.
Məsələn, «maşın bazarı» adlanan ərazinin yaxınlığında yol kənarındakı torpaqlar buna nümunə ola bilər. Aşağı Öysüzlü, Ağdam kimi kəndlərdə dəmyə torpaqların hektarının icarə qiyməti 100-150 manat, Hunanlar, Əlimərdanlı kimi kəndlərdə isə su bol olduğu üçün 200-250 manat ətarfında dəyişir.
Torpaqların satış qiyməti də onun suvarıla bilən və ya dəmyə olmasından asılıdır. Belə ki, Tovuzda dəmyə torpaqların satış qiyməti 1 hektar üçün 1300-2500 manat arasındadır. Suvarılan torpaqlarda isə qiymət 2500 manatdan başlayır və münbit torpaqlarda 4500-5000 manatadək arta bilər.