ABŞ və İsrailin İrana hücumu və başlayan müharibə nəticəsində 2026-cı ilin mart ayı Dubayın fond bazarı üçün "qara həftə"yə çevrilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, dünyanın əsas daşınmaz əmlak, turizm və maliyyə mərkəzlərindən sayılan Dubay – İran müharibəsi və hərbi əməliyyatlar nəticəsində ciddi itkilərə məruz qalıb.
Belə ki, müharibə başlayandan sonra cəmi beş gün ərzində illərdir «batmayan» hesab edilən Birləşmiş Ərəb Əmirliklərinin daşınmaz əmlak sektoru fond bazarındakı dəyərinin 20%-ni itirdi. Başqa sözlə, BƏƏ-nin tikniti şirkətlərinin səhmləri 20% ucuzlaşıb.
Rekorddan panikaya qədər
Maraqlıdır ki, Dubayın daşınmaz əmlak bazarı 2024-2025-ci illərdə sürətlə artaraq İran müharibəsi ərəfəsində pik nöqtədə idi. Belə ki, hərbi əməliyyatlar başlanan 27 fevralda ölkənin daşınmaz əmlak bazarının əsas indikatoru olan DFM Daşınmaz Əmlak İndeksi 16.910 idi, amma müharibə başlayan ki mi, bu göstərici kəskin azaldı.
Qeyd edək ki, 2026-cı ilin ilk 2 ayında Dubayın tikinti şirkətlərinin səhmləri 15% artmışdı, amma müharibə bu artımı tamamilə ləğv edib.
Ümumiyyətlə isə 2025-ci ildə Dubayın əmlak bazarında 917 milyard dirhəm (250 milyard dollar) həcmində əməliyat aparılıb. Dubayda əmlakın ən böyük alıcıları hindistanlı investorlardır, bütün əməliyyatların 20-22%-i onların payına düşür.
Dubaydakı əmlakın kirayə gəlirliyi fərqlidir, amma lüks əmlaklarda gəlirlilik illik 6-9%-dir ki, bu da ən yaxşı göstəricilərdən sayılır.
Birləşmiş Ərəb Əmirliklərinin daşınmaz əmlak bazarında baş verənlər göstərir ki, pandemiyadan sonra - 2021-ci ildən bəri 60-75%-lik nəhəng artıma baxmayaraq, əmlak bazarı müharibə risklərinə olduqca həssasdır, istənilən müharibə əmlak bazarına ciddi təsir edir.
Hələlik Dubaydakı əmlak çöküşünə görə ən böyük zərər Hindistandan olan investorlara dəyib. İndi onlar bu prosesin nə qədər davam edəcəyini gözləyirlər.











