Yanvarın 1-dən işçinin, işəgötürənin, bəzi vergi ödəyicilərinin və fərdi sahibkarların sosial yükü artacaq. FED.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Qalib Toğrul gələn ildən etibarən tibbi sığorta öhdəliyi ilə bağlı dəyişikliklərə əsasən bildirib.
Xatırladaq ki, 2021-ci il yanvarın 1-dən icbari tibbi sığorta haqqının yığılmasına başlanılır. Bu ödənişin 1 aprel 2020-ci ildən tətbiqi nəzərdə tutulsa da, koronavirus pandemiyası hökumətin planlarını pozdu, müddət 1 yanvar 2020-ci ilə ertələndi. Əvvəlcə baxaq, icbari sığorta haqqını kimlər, nə qədər ödəyəcəklər.
1. Muzdla işləyənlər üzrə bütün işəgötürənlər, o cümlədən dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən işçilərin əmək haqlarının 2 faizi (8000,0 manatdan yuxarı əmək haqlarından 0,5 faiz) həcmində;
2. Muzdlu işçilər (əmək müqaviləsi ilə işləyən sığortaolunanlar) əmək haqlarının 2 faizi (8000,0 manatdan yuxarı əmək haqlarından 0,5 faiz) həcmində;
Zəruri qeyd: 1 və 2-ci bəndlərə münasibətdə əməkhaqqının 8000 manatadək hissəsindən ödənilən sığorta haqqının məbləğinə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilir.
3. Vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) minimum aylıq əməkhaqqının 4 faizi qədər. Hazırda bu məbləğ 10 manata (250 X 4 / 100) bərabərdir.
Zəruri qeyd: vergi ödəyicisi fəaliyyətini müvəqqəti dayandırdığı halda (el dilində desək, VÖEN-i bağlatdıqda) bu məbləği ödəmir.
4. Mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər gəlirlərinin 8000 manatadək olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi həcmində;
Zəruri qeyd: Mülki-hüquqi müqavilələr əsasında işləri yerinə yetirənlər (VÖEN-sizlər) bu tutulmanı özləri həyata keçirmirlər. Belə şəxslərə münasibətdə sığortalı qismində onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər çıxış edir. Yəni, onlara bu işi sifariş verən VÖEN-li şəxs.
5. Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tam təqvim ili üçün adambaşına 90 manat. Bu ödəmələr dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək;
6. Yuxarıdakı 5 bəndə daxil olmayan digər sığortaolunanlar təqvim ili ərzində minimum aylıq əmək haqqının 48 faizi həcmində. İndiki meyarlarla bu məbləğ 120 manata (240 X 48 /100) bərabərdir. Bu bənd 2024-cü ilin yanvarın 1-dən qüvvəyə minir;
7. Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə – 0,02 manat;
8. Vergi ödəyiciləri tərəfindən araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,2 manatı, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,05 manatı, siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə tətbiq edilən aksiz dərəcəsinin 1,5 manatı və energetik içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,1 manatı.
Qeyd edim ki, 2021-ci ilin yanvar ayından etibarən mərhələlərlə ölkənin digər 36 şəhər və rayonunda (Gəncə, Naftalan və Şirvan şəhərləri, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonları), 2021-ci ilin aprel ayından isə qalan 7 şəhər və rayonunda (Bakı, Sumqayıt, Xankəndi şəhərləri, Abşeron, Qubadlı, Zəngilan və Şuşa rayonları) icbari tibbi sığortanın tətbiqi nəzərdə tutulur.