2026-cı ildən etibarən, sahibkarların vergi yükü ilə yanaşı, məcburi dövlət sosial sığorta ödənişlərində də dəyişikliklər edilib. Artıq fəaliyyət sahələrinə görə ödənişlərin fərqləndirilməsinə son qoyulub. 2026-cı il yanvarın 1-dək tikinti sahəsi üzrə məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının 50 faizi həcmində, ticarət və digər sahələr üzrə isə 25 faiz həcmində hesablanırdı. Həmçinin, regionlara münasibətdə əmsallar tətbiq olunurdu. “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsəydi, güzəşt müddəti başa çatdığından ticarət sahəsində həmin göstərici 50 faizədək artacaqdı, regionlara tətbiq olunan əmsallar da qüvvədən düşəcəkdi. Nəticədə fərdi sahibkarın sosial sığorta yükü artacaqdı. Bu səbəbdən, 2026-cı ildən fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqqının hesablanması ilə bağlı yeni mexanizm qüvvəyə minib.
Fiziki şəxsə icarə haqqını ödəyən şəxsin - HANSI VERGİ ÖHDƏLİYİ YARANIR?
FED.az xəbər verir ki, yeniliyi “EN Group Consulting” MMC-nin direktoru Elvin Zaidov şərh edir.
2026-cı il yanvarın 1-dək fərdi sahibkarların özünə görə məcburi dövlət sosial sığorta haqqı bu cədvəldəki qaydada hesablanırdı:
|
Göstəricilər |
Tikinti sahəsi üzrə |
Digər sahələr üzrə |
|
Bakı şəhəri |
400 x 50% x 100% = 200 AZN |
400 x 25% x 100% = 100 AZN |
|
Gəncə və Sumqayt şəhərləri |
400 x 50% x 90% = 180 AZN |
400 x 25% x 90% = 90 AZN |
|
Digər şəhərlər |
400 x 50% x 80% = 160 AZN |
400 x 25% x 80% = 80 AZN |
|
Rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə |
400 x 50% x 60% = 120 AZN |
400 x 25% x 60% = 60 AZN |
|
Kənd yerlərində |
400 x 50% x 50% = 100 AZN |
400 x 25% x 50% =50 AZN |
2026-cı il yanvarın 1-dən etibarən “Sosial sığorta haqqında” Qanunun 14.5.1-ci maddəsində dəyişiklik edilib. Həmin maddəyə əsasən, sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının 15 faizindən az (yəni 400*15% = 60 manat), 100 faizindən çox (yəni 400 x 100% = 400 manat) olmamaq şərtilə, gəlirlərinin (xərclər çıxılmadan) 2 faizi miqdarında hesablanır və ödənilir. Buradan belə qənaətə gəlmək olar ki, sahibkarlar özlərinə görə məcburi dövlət sosial sığorta haqqını 60 manatdan az, 400 manatdan çox olmamaq şərti ilə hər ay üçün gəlirlərinin 2 faizi qədər hesablamalı və ödəməlidirlər. Bunu nümunələr üzrə izah edək:
Misal: Fərdi sahibkarın 2026-cı ilin 1-ci rübü üzrə aşağıdakı gəlirləri olub:
Yanvar ayında – 2.500 manat;
Fevral ayında – 8.000 manat;
Mart ayında – 25.000 manat.
Həmin gəlirlərə əsasən hər ay üzrə nə qədər məcburi sosial sığorta haqqı ödəməli olduğunu hesablayaq:
|
Göstəricilər |
Gəlirlər |
Gəlirin 2%-i |
Ödənilməli olan məcburi sosial sığorta haqqı |
|
Yanvar |
2.500 AZN |
2.500 x 2% = 50 AZN |
60 AZN |
|
Fevral |
8.000 AZN |
8.000 x 2% = 160 AZN |
160 AZN |
|
Mart |
25.000 AZN |
25.000 x 2% = 500 AZN |
400 AZN |
Yanvar ayı üzrə - Fərdi sahibkar 60 manat ödəməlidir. Gəlirin 2%-i 50 manat olsa da qayda üzrə minimum aylıq əməkhaqqının 15%-dən az olmamaq şərti ilə gəlirin 2%-i nəzərdə tutulub. Minimum aylıq əməkhaqqının 15%-i 60 manat təşkil edir. 50 manat ondan kiçik olduğu üçün minimum ödəniş 60 manat olmalıdır.
Fevral ayı üzrə - Fərdi sahibkar 160 manat ödəməlidir. Minimum aylıq əməkhaqqının 15%-dən az, 100%-dən çox olmadığı üçün bu ay üçün məcburi dövlət sosial sığorta haqqı gəlirin 2%-i kimi qəbul edilir. Yəni sahibkar fevral ayı üçün 160 manat ödəməlidir.
Mart ayı üzrə - Fərdi sahibkar 400 manat ödəməlidir. Gəlirin 2%-i 500 manat olsa da qayda üzrə minimum aylıq əməkhaqqının 100%-dən çox olmamaq şərti ilə gəlirin 2%-i nəzərdə tutulub. Minimum aylıq əməkhaqqının 100%-i 400 manat təşkil edir. 500 manat ondan böyük olduğu üçün maksimum ödəniş 400 manat olacaq.
Əlavə olaraq, “İcbari tibbi sığorta haqqında” Qanunun 15-10.1.3-ci maddəsinə görə, fərdi sahibkar gəlirin məbləğindən asılı olmayaraq, aylıq olaraq minimum əməkhaqqının 4%-i qədər icbari tibbi sığorta haqqı ödəməlidir. Yəni hər ay üçün əlavə olaraq 16 manat icbari tibbi sığorta haqqı ödənilməlidir.
400 x 4% = 16 manat. (Vergiler.az)













