Vergilər Nazirliyi Əmək münasibətlərinin şəffaflaşdırılması sahəsində vergi nəzarətinin gücləndirilməsi barədə Konsepsiyanı" yeni redaksiyada təsdiq edib. Konsepsiya vergi nəzarəti tədbirləri ilə əhatə olunan vergi ödəyicilərində muzdlu işlə əlaqədar ödənilən gəlir vergisi, məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta üzrə uyğunsuzluqların araşdırılmasını və müvafiq tədbirlərin görülməsini müəyyən edir.
Eləcə də bax: Riskli vergi ödəyicilərinin – BİZNESİ ÇÖKƏ BİLƏR – EKSPERTDƏN XƏBƏRDARLIQ
FED.az məlumat verir ki, nazirliyin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəis müavini Elşən Rəhimli ilə müsahibədə sənədin maraq doğuran asektləri nəzərdən keçirilib.
- Elşən müəllim, Konsepsiyanın yenilənməsi hansı zərurətdən irəli gəlib?
- Əmək münasibətlərinin leqallaşdırılmasını təmin etmək ölkə rəhbərliyi tərəfindən vergi orqanları qarşısında qoyulmuş prioritet vəzifələrdəndir. Aparılan müzakirələr zamanı müəyyən olunan vergidən yayınmanın yeni sxemləri və metodiki yanaşma prinsipləri nəzərə alınaraq Vergilər Nazirliyi tərəfindən Konsepsiya yenidən hazırlanıb. Vergi orqanlarının əməkdaşları üçün daha aydın olması məqsədilə Konsepsiyaya bütün metodiki hərəkətləri özündə əks etdirən proseslər xəritəsi də əlavə olunub və sənəd 2020-ci il yanvarın 24-də yeni redaksiyada təsdiq edilib.
- Sənəddə əmək münasibətlərinin tənzimlənməsi üçün nələr nəzərdə tutulub?
- Konsepsiya ilə əmək münasibətlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməməsi, işçilərə qanunsuz olaraq minimum əməkhaqqından aşağı əməkhaqqı bəyan edilməsi, vergi ödəyiciləri tərəfindən işçilərə uçotdankənar əmək haqlarının verilməsi, bir sıra vergi ödəyiciləri tərəfindən işçi sayının və əməkhaqqı fondunun real potensiala uyğun əks etdirilməməsi hallarına qarşı mübarizə metodları nəzərdə tutulub.
Aylıq iş vaxtı normasını, əmək funksiyasını yerinə yetirən
işçinin aylıq əməkhaqqı dövlət tərəfindən müəyyən
edilmiş minimum əməkhaqqı məbləğindən aşağı ola bilməz
- Bir sıra hallarda direktor, baş mühasib, menecer kimi vəzifələr üçün müəyyənləşdirilmiş əməkhaqqı sıravi işçilər üçün müəyyən edilən məbləğlərlə eyni göstərilir. Bunun qarşısı necə alınacaq?
- Qanunvericiliyin tələbinə əsasən, hər kəsin öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əməkhaqqı miqdarından az olmayan əməkhaqqı almaq hüququ vardır. Aylıq iş vaxtı normasını, əmək funksiyasını yerinə yetirən işçinin aylıq əməkhaqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əməkhaqqı məbləğindən aşağı ola bilməz. Əmək Məcəlləsinin 155.1-ci maddəsinin tələbinə əsasən, ixtisaslı əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən məbləğ işçiyə verilə bilməz.
Qeyd olunan halların qarşısının alınması üçün vergi orqanları tərəfindən hazırda intensiv nəzarət tədbirləri aparılır. İlk öncə, qeyd olunan riskli vergi ödəyiciləri vergi orqanına dəvət edilir və görüş zamanı işçi sayının və onlara ödənilən əməkhaqqı məbləğlərinin real potensiala uyğun əks etdirilməsi təklif olunur. Vergi ödəyicisi ona təqdim edilmiş dəlil və sübutlarla razılaşdıqda işçi sayı və əməkhaqqı məbləği "Əmək müqaviləsi bildirişi" altsistemində və bəyannamə göstəricilərində əks olunur. Vergi ödəyicisi ona təqdim edilən dəlil və sübutlarla razılaşmadıqda və ya vergi orqanına gəlməkdən imtina etdikdə isə onun təsərrüfat subyektlərində vergi nəzarəti tədbirləri həyata keçirilir.
İxtisaslı əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı
səviyyəsini müəyyən edən məbləğ işçiyə verilə bilməz
- Əmək münasibətlərində vergi nəzarətinin daha da gücləndirilməsi üçün hansı addımlar atılacaq?
- Vergi orqanları tərəfindən aşağıdakı risk meyarları üzrə riskli vergi ödəyiciləri üzrə nəzarət tədbirləri xüsusi olaraq gücləndiriləcək:
- ixtisassız əməyə görə hesablanan əməkhaqqı məbləğinin ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğindən aşağı qeyd edilməsi;
- əvvəlki dövrlə müqayisədə işçi sayının artırılmasına baxmayaraq bir işçiyə düşən orta aylıq əməkhaqqı fondunun azaldılması;
- əməkhaqqı fondunun "Əmək müqaviləsi bildirişi" altsistemində eyni ərazi, fəaliyyət sahəsi və peşələr (vəzifələr) üzrə orta aylıq əməkhaqqı məbləğindən aşağı göstərilməsi;
- əməkhaqqı fondunun Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilmiş "İqtisadi fəaliyyət növləri üzrə peşə və vəzifələr barədə" məlumata əsasən müəyyən olunan orta aylıq əməkhaqqı məbləğindən aşağı olması;
- vergi ödəyiciləri tərəfindən işçiləri öz hesabına məzuniyyətə göndərməklə əməkhaqqı fondu üzrə öhdəliklərdən yayınma;
- vergi ödəyiciləri tərəfindən işçilər üzrə ezamiyyə xərclərini əvvəlki dövrlərlə müqayisədə artırmaqla əməkhaqqı fondu üzrə öhdəliklərdən yayınma;
- vergi ödəyiciləri tərəfindən əməkhaqqı fondu üzrə öhdəliklərdən yayınma məqsədilə işçilərlə mülki hüquqi müqavilə bağlanması.
- Meyarlara uyğun olaraq riskli hesab edilən vergi ödəyicilərinə qarşı hansı tədbirlər görüləcək?
- Vergi orqanları tərəfindən əmək münasibətlərinin rəsmiləşdirilməsini və şəffaflaşdırılmasını təmin etməyən vergi ödəyicilərinə "Əmək münasibətləri üzrə yayınma riskləri barədə" müvafiq bildiriş göndərilir. Bildirişdə vergi ödəyicisinə təqdim edilən bəyannamələrdə və əmək müqaviləsi bildirişlərində işçilərə ödənilən əməkhaqqı məbləğinin 10 iş günü müddətində düzgün əks etdirilməsi tövsiyə olunur. Əks halda, vergi orqanlarının Vergi Məcəlləsinin 37-ci və 83-cü maddələrinin tələblərinə əsasən, öhdəliklərin yenidən hesablamaq, həmçinin vergi ödəyicilərində operativ və səyyar vergi yoxlaması tədbirləri həyata keçirmək hüququ vardır. Bundan əlavə, xeyli sayda (on nəfər və ondan artıq) işçinin əmək müqaviləsi olmadan işəgötürən tərəfindən hər hansı işə cəlb edilməsi halları üzrə əməliyyat-axtarış müşahidələrini gücləndirməklə kənarlaşma müəyyən edilən vergi ödəyicilərində əməliyyat-nəzarət tədbirləri həyata keçiriləcəkdir.
Vergilər